Kayseri şəhərindəki Xocalı parkında "Şuşa" Azərbaycan Evinin açılışı olub - YENİLƏNİB

Kayseri şəhərindəki Xocalı parkında "Şuşa" Azərbaycan Evinin açılışı olub - YENİLƏNİB

Türkiyənin Kayseri şəhərindəki Xocalı parkında “Şuşa” Azərbaycan Evinin açılışı keçirilib.

“Birxeber.Az”un Türkiyə bürosunun məlumatına görə, tədbirdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Kayseri bələdiyyə sədri Memduh Büyükkılıç, Talas rayon bələdiyyəsinin sədri Mustafa Yalçın, AKP-nin Kayseridən seçilən millət vəkilləri - Bayar Özsoy və Murad Cahid Cingi, Ərciyəz Universitetinin professoru, “Şuşa” Azərbaycan Evinin təsisçi idarə heyətinin üzvü Havva Selçuk Kurt, “Şuşa” Azərbaycan Evinin rəhbəri Elşən Qəmbərov, Ərciyəz Universitetinin azərbaycanlı müəllimləri və digər soydaşlarımız, eləcə də yerli sakinlər iştirak ediblər.

Havva Selçuk Kurt “Birxeber.Az”un Türkiyə bürosuna deyib ki, mərkəz Azərbaycan və Türkiyə arasında əlaqələrin daha yaxşı səviyyələrə çatmasına və iki dövlətin qardaşlığının möhkəmlənməsinə töhfə verəcək: “Bir millət, iki dövlət” prinsipi ilə qardaşlığın möhkəmlənməsi üçün belə fəaliyyətlər bundan sonra da olacaq”.

Havva Selçuk Kurt “Şuşa” Azərbaycan Evinə bitişik ərazidə Azərbaycanın Qarabağ bölgəsinin Xocalı şəhərində 1992-ci ildə Ermənistan hərbçiləri tərəfindən qətlə yetirilmiş 613 dinc sakinin adlarının qeyd edildiyi Xocalı Şəhidləri abidəsinin olduğunu da vurğulayaraq deyib ki, kayserililər Azərbaycan bayrağının Şuşa ilə qardaş şəhər Kayseridə dalğalandırılmasından böyük qürur duyur.

Kayseri bələdiyyəsinin sədri Memduh Büyükkılıç “Birxeber.Az”un Türkiyə bürosuna açıqlamasında Azərbaycanın timsalında Kayserini bütün türk dünyasının görüş yeri hesab etdiyini bildirib. Bələdiyyə sədri bu cür fəaliyyətlərdə türk gəncliyinə böyük önəm verilməsinin vacibliyini qeyd edib: “Biz də yaxın gələcəkdə qardaş Şuşaya böyük heyətlə səfər edəcəyik”.

“Şuşa” Azərbaycan Evinin yerləşdiyi Talas rayon bələdiyyəsinin sədri Mustafa Yalçın isə qeyd edib ki, ərazi 20 min kvadrat metrlik bir sahəni əhatı edir və orada Xocalı parkı da salınıb.

Şuşa Azərbaycan Evinin rəhbəri Elşən Qəmbərov “Birxeber.Az”un Türkiyə bürosuna deyib ki, bu mərkəz həm də DİDK-in və Talas bələdiyyəsinin birgə fəaliyyəti nəticəsində ərsəyə gəlib.

Kayseri Böyük Şəhər Bələdiyyəsinin türk cəngavərliyini əks etdirən “Mehtər” qrupunun təntənəli ifaları ilə başlayan tədbir iştirakçıların əksəriyyətinin “Qarabağ” mahnısını şövqlə səsləndirməsi ilə başa çatıb.

Qeyd edək ki, bu gün Kayseri Mədəniyyət Mərkəzində tədbirin bədi hissəsi Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Qrupunun iştirakı ilə davam edəcək.

17:25

Türkiyənin Kayseri şəhərindəki Xocalı parkında "Şuşa" Azərbaycan Evinin açılışı keçirilir.

“Birxeber.Az”un Ankara bürosunun məlumatına görə, tədbirdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Kayserinin Talas rayon bələdiyyəsinin sədri Mustafa Yalçın, Kayseri Universitetinin tarix üzrə professoru Havva Selçuk Kurt, musiqi nəzəriyyəsi üzrə professor Nigar Əsgərova iştirak edirlər.

Qeyd edək ki, "Şuşa" Azərbaycan Evinin fəaliyyəti üçün Xocalı parkının ərazisində xüsusi bina inşa edilib. Tədbirdən əvvəl parkda ucaldılan Xocalı abidəsi ziyarət edilib.