Politoloq: Təhlükəsizliyin Qərbdə axtarılması Ermənistan üçün böyük problemlər yaradacaq

Politoloq: Təhlükəsizliyin Qərbdə axtarılması Ermənistan üçün böyük problemlər yaradacaq

Təhlükəsizliyin Qərbdə axtarılması Ermənistan üçün böyük problemlər yaradacaq.

Bunu APA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Politoloq deyib ki, Qərb Ermənistanı nəzarəti altına alaraq özünün oyun meydanına çevirməyə çalışır: “Cənubi Qafqazda yeni status-kvo və ayırıcı xətlər çəkilməsinə can atılır. Bundan əvvəl də Qərbdə Gürcüstanda inqilab ssenarilərini reallaşdırmaq, onun vasitəsilə Ermənistanın Qara dənizə çıxışını təmin etmək planı olub, Azərbaycanın qüdrətlənməsi və 44 günlük müharibədən sonra isə Qərb ikinci plana keçib. Söhbət Ermənistanın tamamilə nəzarətə götürülməsindən gedir”.

Qabil Hüseynli “Politico” nəşrində işıq üzü görən yazıya diqqət çəkib. Yazıda qeyd edilib ki, Brüssel görüşü ərəfəsində Ermənistan Avropa İttifaqı və ABŞ-da Azərbaycanın silahlanmasına dair “sənədlər” təqdim edib: “Bu, bir daha göstərir ki, Brüssel görüşünün təşkilatçıları inkar etsə də, 5 aprel görüşündə hərbi komponent var. Brüsseldə Ermənistanın “iqtisadi inkişafı” müzakirə olunacağı vəd edilsə də, bir neçə yüz milyonluq yardım üçün belə formatda görüşə ehtiyac yox idi. Pərdə arxası hərbi yardımın ayrılması və hərbi paktdır”.

Politoloq nəzərə çatdırıb ki, ABŞ-ın regionda ən böyük səfirliyi Ermənistanda saxlayır: “Ermənistanda hazırda amerikalı hərbi instruktorların olması sirr deyil, Keçən ilin payızında Ermənistanda keçirilən birgə təlimə başqa ad verilməyə çalışılsa da, bunun özü hərbi instruktorların Ermənistanda olmasının təsdiqi idi. Hazırda Pentaqonun nəzarət etdiyi xüsusi özəl hərbiləşdirilmiş strukturların da Ermənistanda olmasına dair xəbərlər yayılmaqdadır”.

Qabil Hüseynli 5 aprel görüşü ilə Ermənistanın geri dönüşü olmayan tunelə salındığını və Qərbdən asılı vəziyyətə düşdüyünü vurğulayıb. Onun sözlərinə görə, ermənilər tarixdən dərs çıxarmalı, “Sevr” müqaviləsini unutmamalıdır: “O zaman ermənilər vədlər qarşılığında Osmanlıya qarşı müharibəyə girdi. Amma həm məğlub oldular, həm də vəd olunanları almadılar. Ermənistan tarixdən nəticə çıxarmır və yenə özünü eyni tələyə salır. Ermənistandan yenə qonşu dövlətlərə qarşı istifadə olunur. Ermənistan üçün təhlükəsizlik modeli Azərbaycanın təklif etdiyi sülh modeli idi, Bu təhlükəsizliyin Qərbdə axtarılması Ermənistan üçün böyük problemlər yaradacaq. Ermənistanı Ukrayna, Suriya, Liviyanın aqibəti gözləyir. Ermənistan müxtəlif zonalara parçalanacaq”.