Sabirabadda 3 il əvvəl 20 yaşlı qadının ölümü ilə bağlı çıxarılan qərar növbəti dəfə ləğv edilib

Sabirabadda 3 il əvvəl 20 yaşlı qadının ölümü ilə bağlı çıxarılan qərar növbəti dəfə ləğv edilib

Sabirabad rayonunun Cavad kəndində 3 il əvvəl 20 yaşlı qadının ölümü ilə bağlı çıxarılan qərar 3-cü dəfə ləğv edilib.

Birxeber.Az-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonu, Əlicanlı kənd sakini, 2001-ci il təvəllüdlü Zeynalova Səmayə Xalid qızının 24 aprel 2021-ci ildə intihar etməsi faktı ilə bağlı Sabirabad rayon Prokurorluğunda başlanmış və istintaqı aparılmış cinayət işi üzrə çıxarılmış qərar Baş Prokurorluq tərəfindən üçüncü dəfə ləğv olunub, istintaq işinin yenidən araşdırılması Saatlı rayon prokurorluğuna həvalə edilib.

Bu barədə hüquq müdafiəçisi Samir Zeynalov və zərərçəkmişin ailə üzvləri bildiriblər.

Samir Zeynalovun bildirdiyinə görə, Səmayə Zeynalovanın meyitinin nar ağacından asılmış halda tapılması üzrə başlanmış cinayət işinə Sabirabad rayon prokurorluğu tərəfindən 19 iyul 2021-ci il tarixli qərarla xitam verilib.

Onun sözlərinə görə, bu, Baş prokuror Kamran Əliyevə ünvanlanmış şikayətlərin və 12 yanvar 2023-cü il tarixdə Kamran Əliyevin qəbulunda olmağın nəticəsində baş verib.
İş üzrə əlavə araşdırmanın aparılması yenidən Sabirabad rayon Prokurorluğuna tapşırılıb.

Sabirabad prokurorluğunun 5 aprel 2023-cü il tarixli qərarı ilə cinayət işinə yenidən xitam verilib. Həmin qərar məhkəmə-nəzarəti qaydasında verilmiş şikayətin nəticəsi olaraq Sabirabad Rayon Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.

Edilən şikayət üzrə Şirvan Apellyasiya Məhkəməsi 6 sentyabr 2023-cü il tarixində qərarı ləğv edib.

Cinayət işində əlavə araşdırmanın aparılması yenidən Sabirabad rayon prokurorluğuna həvalə edilib. Sabirabad rayon prokurorluğu 5 oktyabr 2023-cü il tarixdə növbəti dəfə işə xitam verilməsi barədə qərar qəbul edib.

Çıxarılan qərardan narazı qalan Səmayə Zeynalovanın anası Dilarə Zeynalova və hüquq müdafiəçisi Samir Zeynalov yenidən 28 fevral 2024-cü il tarixdə Baş prokuror Kamran Əliyevin qəbulunda olublar. Bundan sonra Sabirabad rayon Prokurorluğunun 5 oktyabr 2023-cü il tarixli qərarı 3-cü dəfə ləğv edilib və iş üzrə istintaqın aparılması Saatlı rayon Prokurorluğuna həvalə edilib.

Valideyinləri Səmayə Zeynalovanın intihar məlumatının yalan olduğunu, qızlarının ər evində onun əri və qayınatası tərəfindən qətlə yetirildiyini, sonradan isə onu nar ağacından asmaqla intiharı imitasiya etdiklərini iddia edirlər. Valideynlərin iddiasına görə, ölümündən 40 dəqiqə əvvəl Səmayə Bakıda yaşayan bacısına “WhatsApp”da səsli mesaj yollayıb. Onlar iddia edir ki, səs tonunda onun intihara hazırlaşdığı duyulmur. Digər tərəfdən, Səmayənin özünü kövrək nar ağacından asması ağlabatan görünmür. Həmçinin, meyitdə olan xəsarət izləri hadisənin intihar olmaması şübhələrini artırır.

Baş Prokurorluğun Mətbuat xidmətindən Birxeber.Az-nın sorğusuna cavab olaraq bildirilib ki, Sabirabad rayon sakini 2001-ci il təvəllüdlü Səmayə Zeynalovanın 2021-ci il aprel ayının 24-də yaşadığı fərdi yaşayış evinin həyətində özünü asaraq intihar etməsı faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı davam edir.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsilə başlanmış cinayət işi üzrə hazırda Saatlı rayon prokurorluğunda istintaq aparılır.