Goranboyda şagirdlər arasında baş vermiş davaya görə direktora xəbərdarlıq edilib

Goranboyda şagirdlər arasında baş vermiş davaya görə direktora xəbərdarlıq edilib

"Aprelin 3-də Goranboy rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbinin XI sinif şagirdləri arasında baş vermiş hadisə ilə bağlı bildiririk ki, məktəb rəhbərliyi hadisəyə dərhal müdaxilə edib, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə, eyni zamanda şagirdlərin valideynlərinə məlumat verilib və onlar məktəbə çağırılıblar".

Birxeber.Az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin açıqlamasında deyilir.

Qeyd edilib ki, zərərçəkmiş şagirdə ilkin tibbi-yardım göstərilib və evə buraxılıb: “Hazırda şagirdin səhhətində hər hansı təhlükə yoxdur. Onun fiziki və psixoloji durumu məktəb rəhbərliyi və İdarə tərəfindən izlənilir”.

Bununla yanaşı, baş vermiş hadisə ilə əlaqədar olaraq İdarənin müvafiq əmri ilə komissiya yaradıldığı, aidiyyəti qurumlarla birlikdə araşdırma aparıldığı vurğulanıb.

Araşdırmanın nəticəsinə əsasən, məktəbin direktor vəzifəsini icra edən şəxsə xəbərdarlıq edilib.

“Məktəbin direktoruna təhsil müəssisəsində sağlam mühitin təmin olunması üçün pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması, eyni zamanda məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısına sonuncu xəbərdarlıqla şiddətli töhmət, sinif rəhbəri, Uşaq Birliyi Təşkilatı Rəhbəri və psixoloqa isə töhmət verilməsi tapşırılıb.

Eyni zamanda Goranboy rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbdə şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənmək, siniflərdə və qruplarda sosial-psixoloji mühiti təkmilləşdirmək məqsədi ilə peşəkar psixoloqlarla birlikdə təhsilalanların iştirakı ilə davamlı görüşlərin həyata keçirilməsi nəzərdə tutulub”, - açıqlamada vurğuanıb.