Gürcüstanda məscidlərdən birində namaz qılınmasına icazə verilməməsi gərginlik yaradıb

Gürcüstanda məscidlərdən birində namaz qılınmasına icazə verilməməsi gərginlik yaradıb

Gürcüstanın Samtsxe-Cavaxeti regionunun Adigeni munisipalitetində məsciddə müsəlmanlara cümə namazı qılmasına icazə verilməməsi növbəti dəfə gərginliyə səbəb olub, əraziyə çox sayda polis səfərbər edilib.

Birxeber.Az-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin deputatı Tariyel Nakaidze “Facebook” paylaşımında bildirib. Müsəlmanlara cümə namazı qılınmasına icazə verilmədiyini, vəziyyətin olduqca gərgin olduğunu qeyd edib. Əlavə edib ki, polis yolu bağlayıb və müsəlmanlara məscidə getməyə icazə vermir. Deputat yerli sakinlərə istinadən əraziyə polis xüsusi təyinatlılarının göndərildiyini qeyd deyib.

Gürcüstan Daxili İşlər Nazirliyi müsəlmanların ibadət etməsinə etiraz edən yerli icmaya müraciət edib. Bəyanatda vətəndaşlara ifadə azadlığının qanunla müəyyən edilən sərhədlərini aşmamaq çağırışı edilib.

Qeyd edək ki, Adigenidə eyni səbəblə gərginlik martın 8-də də baş verib. Gürcüstan KİV-nin məlumatına görə, İmam Merab (Yusif) Mikeladze evini ibadətxanaya və İslami təhsil mərkəzinə çevirib. Lakin yerli provoslav kilsəsi buna qarşı çıxıb. Nəticədə martın 8-də təxminən 200 yerli sakin imamın evini mühasirəyə alıb. Məlumata görə, həmin vaxt evdə imamla yanaşı daha iki nəfər cümə namazı qılmağa hazırlaşıblar.

Martın 14-də Bütün Gürcüstan Müsəlmanları İdarəsi Adigeninin müsəlman əhalisini cümə namazı zamanı toplanmamağa çağırıb.