Draqan Komiç: Maliyyə resurslarının səfərbər edilməsi və ekosistemlərin qorunması COP29 üçün əsas məsələlərdir

Draqan Komiç: Maliyyə resurslarının səfərbər edilməsi və ekosistemlərin qorunması COP29 üçün əsas məsələlərdir

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bir neçə əsas məsələlərin müzakirəsi üçün platforma olacaq. Buraya iqlim dəyişikliyi ilə mübarizə üçün qlobal ambisiyaların yüksəldilməsi, onun təsirlərinə uyğunlaşmaq üçün səylərin gücləndirilməsi və inkişaf etməkdə olan ölkələri dəstəkləmək üçün maliyyə resurslarının səfərbər edilməsi daxildir.

Bunu “Report”a açıqlamasında bosniyalı ekspert, Banya Luka Universitetinin kafedra müdiri Draqan Komiç (Dragan Čomić) deyib.

O qeyd edib ki, COP29-da ekosistemlərin (meşələr, su-bataqlıq ərazilər və manqrovlar) mühafizəsi və bərpası, həmçinin davamlı torpaq idarəçiliyi təcrübələrinin təkmilləşdirilməsi üzrə müzakirələrə üstünlük verilə bilər.

Ekspertin sözlərinə görə, BMT-nin İqlim Dəyişikliyi Konfransı dünya ölkələri üçün iqlim dəyişikliyi ilə mübarizə üzrə müzakirələr və qərarlar qəbul etmək üçün platforma yaratmaqla əsas rol oynayır: “Bu tədbir çirklənməni azaltmaq, həssas icmaları dəstəkləmək və mövcud ekoloji vəziyyəti yaxşılaşdırmaq yollarını tapmaq üçün strategiyaların hazırlanması üçün əsas platformaya çevrilir”.

D.Komiç vurğulayıb ki, iqlim dəyişikliyi bir çox ölkələrin iqtisadiyyatına ciddi təsir göstərir və əksər sənaye sahələrini təhdid edir:

“Təbii ki, iqlim dəyişikliyi həm ayrı-ayrı dövlətlərin, həm də bütün dünyanın iqtisadiyyatına mənfi təsir göstərir. Bütün sənaye sahələri olmasa da, əksəriyyəti mənfi ekoloji, sosial və təbii ki, iqtisadi təsirlərlə üzləşir. Kənd təsərrüfatı, su təsərrüfatı, meşə təsərrüfatı, nəqliyyat, enerji və səhiyyə risk altında olan sektorlardan yalnız bəziləridir. Nümunə olaraq, Bosniya və Herseqovinada 2012-ci ildə yaşanan quraqlıq 825 milyon avrodan çox, 2014-cü ildəki daşqınlar isə 2 milyard avroya yaxın ziyana səbəb olub. Bu, ölkə iqtisadiyyatı üçün böyük itkidir”.

Ekspert hesab edir ki, bu ilin noyabrında Bakıda keçiriləcək COP29 daxil olmaqla bundan sonra keçiriləcək COP-lar “ümumi, lakin fərqləndirilmiş məsuliyyətlər” prinsipinə əsaslanan iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq səylərin əsas prinsiplərinin işlənib hazırlanması və həyata keçirilməsində irəliyə doğru bir addım olmalıdır.