FAO-nun eksperti: "Azərbaycan qida nəzarəti sisteminin qiymətləndirməsi məsələsində öndədir"

FAO-nun eksperti: "Azərbaycan qida nəzarəti sisteminin qiymətləndirməsi məsələsində öndədir"

Azərbaycan qida nəzarəti sisteminin qiymətləndirməsi məsələsində öndədir və regionda bu işi görən ilk ölkədir.

"Birxeber.Az" xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) eksperti Anna Vasilenko Bakıda keçirilən “Azərbaycanda qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” konsepsiyası üzrə tədbirdə bildirib.

"Azərbaycan hökuməti ilə birgə böyük səy göstərdik, intensiv fəaliyyətimiz oldu. İşi, əsasən, qida təhlükəsizliyinə cavabdeh olan Azərbaycanın qida təhlükəsizliyi üzrə səriştəli hökumət rəsmiləri gördülər. Dəyərləndirmə fəaliyyətimiz nəzarət funksiyalarının azərbaycanlı istehlakçılar üçün nə dərəcədə yaxşı təşkil edildiyi, layihələndirildiyi və planlaşdırıldığına yönəlib. Bu dəyərləndirmə bütün Şərqi Avropa və Mərkəzi Asiya regionunda ilk dəfədir ki, icra edilir. Azərbaycan bu prosesdə liderdir və bu işi regionda görən ilk ölkə, pionerdir. Milli qida nəzarət sistemi Azərbaycanda çox gənc olsa da, onun işi çox yüksək qiymətləndirilir. Sağlam sistemlər həmişə burada Azərbaycanda da gördüyümüz kimi özünü təkmilləşdirmək arzusunda olur. Biz hər hansı böyük qüsur, boşluq müəyyən etmədik. Gənc bir sistem üçün çox yaxşı göstəricidir. Lakin müəyyən aspektlər var ki, onu daha yüksək səviyyəyə yüksəltmək lazımdır. Qida Təhlükəsizliyi Agentliyi bu sistemi qurmaq üçün böyük səylər göstərib. Nəticələr bizi məmnun edir", - deyə beynəlxalq ekspert bildirib.