Xəstələrin qəbulu və qeydiyyatının vahid prosedurla tənzimlənməsi təklif edilir

Xəstələrin qəbulu və qeydiyyatının vahid prosedurla tənzimlənməsi təklif edilir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB-ə xəstələrin qəbulu və qeydiyyatı prosesinin vahid prosedurla tənzimlənməsi təklifini verib.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Agentliyin Monitorinq şöbəsinin aparıcı məsləhətçisi Kamran İbrahimov jurnalistlər üçün keçirilən “Açıq qapı” günündə məlumat verib.

O bildirib ki, bu təklif Agentlik tərəfindən aparılan monitorinqlərdən çıxan nəticələr əsasında verilib. Ötən il 613 sayda monitorinq keçirilib. Bunlar 66 tibb mərkəzi və rayon mərkəzi xəstəxanasında, 35 poliklinika və Ailə Sağlamlıq mərkəzlərində aparılıb. Nəticədə Təkliflər Planı hazırlanaraq TƏBİB-ə təqdim edilib. Buraya pasiyentlərin qəbulu və qeydiyyat prosesi, tibbi xidmətlərin göstəriş vərəqəsinin rəsmiləşdirilməsinə dair vahid prosedurun yaradılması, icbari tibbi sığorta xidmətləri haqqında məlumatlılığın artırılması, kadr məsələlərinin tənzimlənməsi, təlimlərin keçirilməsi aiddir. Həmçinin, ambulator-poliklinika müəssisələrinin quruluşuna və tərkibinə dair prosedurun hazırlanması, təchizatla bağlı çatışmazlıqların aradan qaldırıması ilə bağlı nəzarət mexanizmləri də Təkliflər Planında yer alıb.