Qırğızıstan səfiri: Sənədlərin imzalanması ölkələrimiz arasında əlaqələri daha da gücləndirəcək

Qırğızıstan səfiri: Sənədlərin imzalanması ölkələrimiz arasında əlaqələri daha da gücləndirəcək

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri zamanı bir sıra sənədlərin imzalanması iki ölkə arasında əlaqələrin bir çox sahələrdə daha da möhkəmlənməsinə xidmət edəcək.

“Birxeber.Az” xəbər verir ki, bunu Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev Bakıda "Azərbaycan-Qırğızıstan İkitərəfli Münasibətləri müasir mərhələdə: Strateji Tərəfdaşlığın Genişləndirilməsi" mövzusunda keçirilən dəyirmi masada bildirib.

“İmzalanan sənədlər arasında Qırğızıstan və Azərbaycan arasında əməkdaşlığın inkişafına dair beşillik kompleks proqramını xüsusi qeyd etmək istərdim. Bu proqramdan ikitərəfli əməkdaşlıq üçün əsas yol xəritəsi kimi istifadə olunacaq. İqtisadi fəaliyyət üçün çox vacib olan ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Sazişin imzalanmasını da qeyd etmək lazımdır”, - səfir qeyd edib.

O, həmçinin vurğulayıb ki, iki ölkə arasında əməkdaşlıq üçün kifayət qədər geniş imkanlar mövcuddur ki, bu da ikitərəfli münasibətləri yeni səviyyəyə qaldıracaq.