"Cərimələrin tətbiq edilməsi KİV-dən sui-istifadənin yığışdırılması üçün atılan addım kimi dəyərləndirilməlidir" - RƏY
"Yeni cərimələrin təklif edilməsi KİV-dən sui-istifadənin yığışdırılması üçün atılan addım kimi dəyərləndirilməlidir".
Bunu "Birxeber.Az"a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, jurnalistlərin və KİV-lərin yanlış yaydıqları, yaxud arqumental tərəfdən isbatlanmamış materiallar üzrə təkzib, həmçinin düzəliş verilməsi halları həm qanunvericiliklə, həm də jurnalistlərin etik davranışı kodeksi ilə tənzimlənən bir haldır:
"Yəni, həm qununvericilikdə, həm də peşə kodeksində jurnalistlər və ya KİV qurumları əsaslandırılmamış materiallara görə qarşı tərəf tələb edərsə, təkzib və düzəlişlər verməlidirlər".
O, indiyə qədər bu məsələlərin daha çox etik kodekslə tənzimləndiyini, arxasında konkret hansısa cəzalandırma mexanizmi olmadığına görə sui-istifadə hallarının baş verdiyini deyib:

"Bəzi KİV-lər bəzən düzəlişləri, bəzənsə təkzibləri vermirdilər, bəzənsə, təkzib versələr də seçilən obyektlər, şəxslər və müəssisələr haqqında təkrar yanlışlara yol verirdilər.
Hesab edirəm ki, təkzib və düzəlişlərin verilməsi təkcə etik kodeksin tələbi olmayacaq, eyni zamanda pozuntulara yol vermiş həm hüquqi, həm fiziki şəxslərin cərimələnməsi məsələsi qoyulacaq. Bu halın təsbit olunması jurnalistikadan və mediadan sui-istifadə hallarının aradan qaldırılmasına şərait yaradacaq".
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni dəyişikliyə görə Azərbaycanda media orqanları tərəfindən təkzib, cavab və düzəliş verilməsi qaydasını pozanlar 1500 manat cərimələnəcək. Dəyişikliyə əsasən, media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsinin "Media Haqqında" qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə, vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə ediləcək.