Deputat: Blinken əvvəlki telefon danışıqlarının necə nəticələndiyini yəqin unutmayıb

Deputat: Blinken əvvəlki telefon danışıqlarının necə nəticələndiyini yəqin unutmayıb

Qərbdəkilərin nə demələrindən və necə təqdim etmələrindən asılı olmayaraq aprelin 5-də Brüsseldə keçirilməsi planlaşdırılan görüşdə gündəlikdəki bir nömrəli məsələ məhz Ermənistana hərbi dəstək vermək, onu öz plasdarımına çevirməkdir ki, Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Dövlət katibi Antoni Blinken arasında ikincinin istəyi ilə baş tutan telefon danışığında da açıq şəkildə bu qarşı tərəfin diqqətinə çatdırıldı.

Bunu Birxeber.Az-ya açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirib.

Sahib Alıyev deyib ki, telefon danışığının məzmunu ilə bağlı rəsmi açıqlamada Prezident İlham Əliyevin aprelin 2-də Parisdə Antoni Blinkenlə keçirilmiş birgə mətbuat konfransında Fransa xarici işlər nazirinin Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanımaması və həmən ölkəyə qarşı təhlükə mənbəyi olması haqda dediklərini yalan kimi qiymətləndirdiyi vurğulanır: “Məncə, burada Fransa xarici işlər nazirinin yalan danışmasıyla yanaşı, onunla birgə mətbuat konfransı keçirənin də həmən yalana şərikliyinə eyham var. Prezident İlham Əliyevin qarşı tərəfə “üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması” haqda məsələlərdən danışılmasından xəbərdar olduğunu bildirməsi isə o anlam daşıyır ki, rəsmi Bakı sözü gedən görüşün guya bizim əleyhimizə yönəlmədiyini deyənlərlə nəinki razılaşmır, onları da ağ yalan danışmaqda suçlandırır. Özü də bu, birbaşa üzlərinə deyilməklə edilir.

Orasını da deyək ki, Azərbaycan təkcə rəsmi açıqlamada əksini tapanlardan yox, Qərbin Ermənistana dəstək məqsədilə əleyhimizə yönələn digər fəaliyyətindən də xəbərdardır. Bilmirəm, bu telefon danışığında qarşı tərəfə deyilibmi, amma qərbdəkilərin, ilk növbədə də Vaşinqtonun regiondakı proseslərə yanaşmada Azərbaycanla eyni mövqe sərgiləməməsi üçün Türkiyəyə ardıcıl təzyiqlər etdiyi də kimsəyə sirr deyil.

Rəhbərlik etməsi NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenə tapşırılan “Ermənistanın Dostları Şəbəkəsi” adlı qrupun martın 21-dəki bədnam hesabatında belə bunu görmək mümkündür. Həmən sənəddə “regionda mühüm rol oynayan Türkiyə”nin Ermənistanla birbaşa danışıqlar aparmağa, sərhədlərini açmağa və ikitərəfli əlaqələri “yüksək səviyyəyə” çatdırmağa təhrik edilməsi məsləhət olunur. Yeri gəlmişkən, bu hesabatda da ən çox üzərində dayanılan məsələ məhz Ermənistana hərbi-siyasi və hərbi texniki dəstəyin göstərilməsidir. Onun Brüssel görüşü öncəsi peyda olması, Ermənistana hərbi dəstəyə haqq qazandırmaq üçün orada kəlməbaşı Azərbaycana qara yaxılması qətiyyən təsadüf sayıla bilməz. Hesabatda Avropa Birliyinin daha vasitəci yox, Ermənistana dəstəkçi rolunda çıxış etməli olduğu haqda yazılanlar isə qətiyyən təklif deyil, təsbitdir ki, aprelin 5-də Brüsseldə bu, rəsmi şəkildə təsdiqlənəcək. Əgər o görüşə ABŞ rəsmisi də qatılırsa, demək Vaşinqton da Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına vasitəçilikdənsə, ikinciyə açıq və birbaşa havadarlığa üstünlük verdiyini sərgiləmiş olur”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev Blinkenə Azərbaycanla Ermənistanın xarici işlər nazirlərinin “sülh müqaviləsinin mətni üzrə Berlində apardıqları danışıqların prosesin irəlilədilməsi baxımdan faydalı olduğunu və danışıqların sürətləndirilməsinə ehtiyac olduğunu” elə-belə bildirmirdi: “Çünki ABŞ tam bunun əksini edir. Yəni danışıqların sürətləndirilməsinə yardımdansa, Ermənistanın silahlandırılmasının sürətləndirilməsinə çalışır. Özü də bu, guya Azərbaycanın Ermənistana hücum etmək istədiyi haqda səsləndirilən ittihamların fonunda baş verir ki, Prezident İlham Əliyev növbəti dəfə onların “tamamilə əsassız olduğunu bildirdi. Düzdür, ABŞ Fransadan fərqli olaraq bizimlə körpüləri yandırmaq niyyətində deyil və bu telefon danışığı zamanı Blinken “COP29-un iqlim dəyişikliyi məsələləri və yaşıl texnologiyalar sahəsində ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığını” deməsindən də görünür. Ancaq biz ABŞ rəsmisinin “5 aprel görüşünün Azərbaycana qarşı olmadığı” haqda sözlərinə o, təxirə salındığı halda inanardıq ki, qarşı tərəf də buna hazır görünmür. Azərbaycan da özünə qarşı atılan bütün bu addımlara, sərhədlərimiz boyunca qüvvə yığılmasına, mövqelərimizin yenidən atəş altında saxlanmasına və dörd kəndimizin geri qaytarılacağı vədinin yerinə yetirilməməsinə göz yummağa hazır deyil. Kim də olmasa, Blinken haylara dəstək və nəyinsə qarşısını almaq məqsədilə etdiyi əvvəlki telefon danışıqlarının necə nəticələndiyini yəqin unutmayıb”.