Rusiya səfirliyi: Azərbaycan mühüm strateji tərəfdaş və etibarlı müttəfiqdir

Rusiya səfirliyi: Azərbaycan mühüm strateji tərəfdaş və etibarlı müttəfiqdir

Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşı, mehriban qonşusu və etibarlı müttəfiqidir.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümü münasibətilə yaydığı məlumatda deyilir.

Diplomatik nümayəndəlik qeyd edib ki, iki ölkə arasında münasibətlər hüquq bərabərliyi və mehriban qonşuluq prinsiplərinə, çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır: “Dövlətlər arasında qarşılıqlı əlaqələrin inkişafı Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verir. Siyasi dialoq ən yüksək səviyyədə, xarici siyasət idarələri xətti, əsas qurumların rəhbərləri, eləcə də parlament xətti səviyyəsində fəal inkişaf edir”.

“Ticarət-iqtisadi əməkdaşlıq uğurla inkişaf edir. 2023-cü ildə ikitərəfli ticarət dövriyyəsi 17,5 faiz artıb. Rusiya Azərbaycanın aparıcı ticari-iqtisadi tərəfdaşlarından biri olaraq qalır. Bakıda Moskvanın iştirakı ilə müxtəlif investisiya layihələri həyata keçirilir. İki ölkənin sahibkarları arasında əlaqələr, o cümlədən kiçik və orta biznes vasitəsilə genişlənir. İkitərəfli əməkdaşlığın mühüm elementi İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyadır”, - məlumatda qeyd edilib.

Səfirlik, həmçinin Rusiya-Azərbaycan strateji tərəfdaşlığı və müttəfiqliyinin daha da inkişaf etdirilməsində qarşılıqlı marağın olduğunu vurğulayıb.