Baş Prokurorluq Əhməd Əhmədovla bağlı yayılmış iddiaları təkzib edib

Baş Prokurorluq Əhməd Əhmədovla bağlı yayılmış iddiaları təkzib edib

Bəzi media subyektləri və sosial şəbəkə istifadəçiləri tərəfindən fevral ayının 13-də bir ailənin 5 nəfər üzvünün qəsdən öldürülməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun guya məhkəmədə verdiyi ifadənin detalları yayımlanıb.

"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluq açıqlama yayıb.

Açıqlamada ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatların həqiqəti əks etdirmədiyi bildirilib və qəti şəkildə təkzib olunub.

Diqqətə çatdırılıb ki, qeyd olunan “ifadə”nin məzmunu Əhməd Əhmədovun ibtidai istintaqı aparan Xətai rayon prokurorluğunda dindirilərkən, eləcə də məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxılan zaman məhkəmə iclasında verdiyi ifadə ilə eynilik təşkil etmir.

"Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşməsindən çəkinməyi bir daha xahiş edirik", - deyə açıqlamada qeyd olunub.