“Neftçi”nin sabiq futbolçusu komandanın oyunundan narazı qalıb

“Neftçi”nin sabiq futbolçusu komandanın oyunundan narazı qalıb

“Neftçi”nin sabiq futbolçusu Yunis Hüseynov komandanın Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Qarabağ”a 0:4 hesabı ilə məğlub olduğu oyundakı çıxışından narazı qalıb.

59 yaşlı mütəxəssis "Report"a açıqlamasında qarşılaşmanı tribunadan izlədiyini bildirib.

O, Bakı klubunun futbolçularının məğlubiyyəti asanlıqla qəbul etdiklərini deyib: “Neftçi” adına biabırçı oyun oldu. Meydana iddiasız komanda kimi çıxırlar. Futbolçulara başa salmayıblar ki, Azərbaycanın ən öndə gedən, tarixi komandasına gəliblər? Dünən meydana sanki gəzməyə çıxmışdılar. 90 dəqiqə ərzində qapıya cəmi iki zərbə vura bildilər. Bu məğlubiyyətlə belə rahat razılaşdıqlarını başa düşə bilmirəm”.

Mütəxəssisin fikrincə, “Qarabağ” dünənki görüşdə daha çox qol vura bilərdi: “Qarabağ” fəxrimizdir, Avropa arenasında ölkəmizi layiqincə təmsil edir. Ancaq bu o demək deyil ki, “Neftçi” onlara qarşı belə zəif çıxış etməlidir. “Qarabağ” sanki “Neftçi” önündə məşq edirdi. Ağdam komandası istəsəydi, 7-8 qol vurardı”.

1984-1998-ci illərdə “ağ-qaralar”ın formasını geyinən Yunis Hüseynov klubda transfer siyasətinin yanlış aparıldığını söyləyib: “Kubok da bir tituldur və avrokuboklara vəsiqə uğrunda ən qısa yoldur. Belə oyunla “Neftçi” çempionatda heç ikinci yeri də tuta bilməyəcək. Etiraf edək ki, rəhbərlik komandaya hər cür şərait yaradır, maddi baxımdan sıxıntı yaşamalarına imkan vermir. Lakin transfer siyasəti yanlış aparılıb. “Qarabağ”ın heyətinə fikir verin, necə oyunçular seçib gətiriblər. “Neftçi” belə səviyyədə futbolçular gətirə bilməz? Bunun üçün maddi imkanları da var. Amma ardıcıl iki ötürmə verməyi bacarmayanları bir araya yığıblar”.

Veteran futbolçu paytaxt təmsilçisinin monteneqrolu baş məşqçisi Miodraq Bojoviçin də ümidləri doğrultmadığı qənaətindədir: “Bojoviç hələ bura gələndə demişdim ki, onu tanımıram. 18 ildə 20 komanda dəyişən mütəxəssisdir, düz-əməlli nəticəsi də olmayıb. Moskva “Lokomotiv”inin prezidenti də çıxışında bildirmişdi ki, o, “Neftçi”yə uğur qazandıra bilməyəcək. Bojoviç məgər azərbaycanlı məşqçilərdən yaxşıdır? Onun rəhbərliyi altında komanda zəif çıxış edir, nə taktika bilinir, nə oyun üslubu. “Neftçi”nin sabiq futbolçusu kimi dünənki oyun yadıma düşdükcə əsəbiləşirəm. “Neftçi” belə sıradan komandaya çevrilməməlidir”.

Qeyd edək ki, “Qarabağ”la “Neftçi” arasında cavab oyunu aprelin 24-də keçiriləcək.