Bakıda binada baş verən yanğın söndürülüb, 50 nəfər təxliyə olunub - YENİLƏNİB

Bakıda binada baş verən yanğın söndürülüb, 50 nəfər təxliyə olunub - YENİLƏNİB

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayış binasında yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Binanın elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. İlkin məlumata əsasən, onaltımərtəbəli yaşayış binasında şaxta boyunca 30p.m elektrik naqilləri yanıb.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində mənzillər yanğından mühafizə olunub. Yanğın zamanı FHN-in qüvvələri tərəfindən 15-i azyaşlı olmaqla 50 nəfər bina sakini təxliyə olunub.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, Sabit Rəhman küçəsi ilə Xan Şuşinski küçəsinin kəsişməsində, yaşayış binasında baş verən yanğın səbəbindən, Həsən Əliyev küçəsinin kəsişməsindən Səməd Vurğun küçəsinə girişdə qoyulan məhdudiyyət aradan qaldırılıb.

21:35

Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayış binasında yanğın başlayıb.

"Report" xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olub.

Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Report"a bildirilib ki, artıq Sabit Rəhman küçəsi ilə Xan Şuşinski küçəsinin kəsişmədə, yaşayış binasında baş verən yanğın səbəbindən, Həsən Əliyev küçəsinin kəsişməsindən Səməd Vurğun küçəsinə giriş məhdudlaşdırılıb.