Türkiyədə bələdiyyə seçkiləri keçirilir - YENİLƏNİB

Türkiyədə bələdiyyə seçkiləri keçirilir - YENİLƏNİB

Türkiyədə bələdiyyə (yerli hakimiyyət orqanları) seçkiləri keçirilir.

Birxeber.Az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, seçki prosesi yerli vaxtla saat 08:00-da (Ölkənin şərq bölgəsində yerləşən 32 vilayətdə 07:00-dan etibarən) başlayıb.

Seçkilər çərçivəsində ölkənin 81 vilayəti, 922 rayonu üzrə yerli hakimiyyət orqanlarında təmsilçilik uğrunda 34 siyasi partiya və müstəqil namizədlər mübarizə aparır.

Qeyd edək ki, ən gərgin mübarizənin Türkiyənin 30 böyük şəhərində olması gözlənilir. Ən çox namizədin qeydə alındığı şəhər isə İstanbuldur. Bu meqapolisin bələdiyyə sədri postu üçün 49 şəxsin namizədliyi irəli sürülüb. İstanbulda seçki bülleteninin uzunluğu 1 metrə yaxındır. İstanbuldan sonra ən çox namizədin qeydə alındığı iki şəhər Qaziantep və Malatyadır. Bu şəhərlərdə müvafiq olaraq 29 və 28 namizəd qeydə alınıb. Ölkənin paytaxtı Ankaranın Böyük Şəhər Bələdiyyəsinə 5 il müddətinə başçılıq etmək üçün isə 24 namizəd iddialıdır.

Bələdiyyə seçkiləri çərçivəsində 61 milyon 441 min 882 seçicinin səs verməsi üçün 250 min 903 seçki qutusu quraşdırılıb. Səsvermə prosesi yerli vaxtla 17:00, bəzi şərq bölgələrində isə 16:00-da başa çatacaq.

***

saat 08.22

Türkiyədə bələdiyyə seçkiləri başlayıb.

Birxeber.Az xəbər verir ki, seçkilərdə 30 böyük şəhərin bələdiyyə sədri seçiləcək.

Türkiyə Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, səsvermədə 61,4 milyon seçici iştirak edəcək.

Ölkənin əsas hissəsində seçkilər saat 08:00-da başlayıb 17:00-da başa çatacaq.

Türkiyə MSK-nın qərarına əsasən, səsvermə cədvəlində dəyişikliklər Ramazan ayının özəllikləri nəzərə alınaraq edilib. Bu dəyişiklər 81 vilayətdən 32-nə aiddir.

Ölkənin Daxili İşlər Nazirliyi bildirib ki, seçkilərin təhlükəsizliyini 600 minə yaxın hüquq-mühafizə orqanı əməkdaşı, eləcə də könüllülər təmin edir.