Xocalıda insan qalıqları aşkar edilib - FOTO - VİDEO

Xocalıda insan qalıqları aşkar edilib - FOTO - VİDEO

Martın 28-də işğaldan azad edilmiş Xocalı şəhərinin Qaladərəsi adlanan hissəsində yerləşən su anbarının yaxınlığında həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə insana məxsus olması ehtimal edilən sümük fraqmentləri və qalıqların aşkar olunması barədə Xocalı rayon prokurorluğuna məlumat daxil olub.

APA xəbər verir ki, daxil olmuş məlumat əsasında Baş Prokurorluğunun peşəkar əməkdaşları hadisə yerinə ezam olunmaqla, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırkı vaxtadək keçirilən prosessual hərəkətlər nəticəsində ərazidə aşkarlanmış insan qalıqlarının ən azı 3 nəfər şəxsə məxsus olması müəyyən edilib.

Hazırda hadisə yerinin tam müayinə edilməsi istiqamətində işlər davam etdirilir.

Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.

Axtarış işləri tam yekunlaşdıqdan və müavfiq ekspertiza nəticələri müəyyən olunduqdan sonra ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

https://t.me/apa_az/82234