Zaur Mikayılov Gəncədə vətəndaşlarla görüşüb

Zaur Mikayılov Gəncədə vətəndaşlarla görüşüb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov martın 29-da "Gəncə Sukanal" Törəmə Səhmdar Cəmiyyətinin inzibati binasında Gəncə, Samux, Kəlbəcər və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

“Report” Agentliyə istinadən xəbər verir ki, qəbulda Z.Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, suvarma suyunun limitinin artırılması, yeni subartezian quyularının qazılması, içməli suya olan tələbatın ödənilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.