Qərbin ikiüzlü siyasəti Bakı-İrəvan sülh sazişinin imzalanmasını mürəkkəbləşdirir - RƏY

Qərbin ikiüzlü siyasəti Bakı-İrəvan sülh sazişinin imzalanmasını mürəkkəbləşdirir - RƏY

ABŞ və Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionunda birmənalı şəkildə mövqeyini möhkəmləndirmək istəyir.

Bunu “Birxeber.Az”a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

O, Azərbaycanın Aİ müşahidəçilərinin bölgədə olmasından imtina etdiyini xatırladıb:

“İndi isə ABŞ və Aİ Ermənistandan zəif oyunçu, vasitə kimi istifadə edərək, bölgədə güclənməyə çalışır. Digər tərəfdən, aydın görünür ki, Qərb birliyi Rusiyanı regiondan kənarlaşdırmaq, neytrallaşdırmaq niyyəti güdür. Rusiyanın başının Ukraynaya qarışdığı bir dövrdə bunu fürsət bilib, tezliklə bu prosesi başa çatdırmaq istəyirlər”.

Siyasi icmalçının fikrincə, aprelin 5-də Brüsseldə keçiriləcək görüşdə Azərbaycan da iştirak edə bilərdi: “Əgər onlar dəfələrlə sülhə nail olmaq istədiklərini bəyan ediblərsə, onda gərək hər iki tərəf görüşdə iştirak etsin. Bu ikiüzlü siyasətin fonunda sülh sazişinin imzalaması prosesi də mürəkkəbləşir”.

F.Sadıqov hesab edir ki, Qərb dövlətləri vəziyyəti çətinləşdirməklə Cənubi Qafqazda nəzarəti daha asan şəkildə həyata keçirə biləcəklərini düşünürlər:

“Biz diplomatik səylərimizi gücləndirməliyik. Eyni zamanda hərbi potensialımız da möhkəmlənəcək, yüksələcək. Şübhə etmirəm ki, Azərbaycan-Türkiyə alyansı Qərbə həmişə bir tənbeh, xəbərdarlıq amili kimi göz önündə olacaq”.

Qeyd edək ki, aprel ayının 5-də Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə Brüsseldə görüş keçirəcək.