Azərbaycanın basketbol millisinin baş məşqçisi: Fransada nəticə bizim üçün prioritet deyildi

Azərbaycanın basketbol millisinin baş məşqçisi: Fransada nəticə bizim üçün prioritet deyildi

Fransada nəticə bizim üçün prioritet deyildi.

Bunu “Report”a açıqlamasında Azərbaycanın basketbol üzrə 3x3 qadın millisinin baş məşqçisi Ratomir Deliç komandanın Fransanın Tuluza şəhərində keçirilən hazırlıq turnirindəki çıxışı barədə danışarkən deyib.

Qrupda keçirdiyi oyunlarda qələbə qazanan yığmanın 1/4 finalda yerli komandaya məğlub olmasına münasibət bildirən mütəxəssis hazırlığın onlara fayda verdiyini bildirib: “Qızların Fransadakı çıxışından razı qaldım. Güclü komandalara qarşı matçlarda oyunumuzu yaxşılaşdırmaq üçün ora getmişdik. Qızlarda enerji yaxşı idi, komanda şəklində inkişaf etmək istəyirdik. Bizim üçün ən vacibi budur. 1/4 finalda Fransa yığmasına məğlub olduq. Həmin görüşdə şanslarımız olsa da, rəqib qalib gəlməyin yolunu tapdı. İstənilən halda hazırlıq turniri komandamız üçün faydalı oldu”.

Ratomir Deliç Honkonqda təşkil olunacaq Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə uğrunda təsnifat turnirinə hazırlığın növbəti mərhələsi üçün Serbiyaya yollandıqlarını sözlərinə əlavə edib.

Qeyd edək ki, Honkonqdakı təsnifat turniri aprelin 12-14-də baş tutacaq. Azərbaycan millisi Niderland, Monqolustan və Çili yığmaları ilə üz-üzə gələcək.