Mərkəzi Bank uçot dərəcəsini növbəti dəfə endirib

Mərkəzi Bank uçot dərəcəsini növbəti dəfə endirib

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.

"APA-Economics" bu barədə AMB-yə istinadən xəbər verir. AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə, faiz dəhlizinin yuxarı həddini 8,75%-dən 8,5%-ə endirilib. Faiz dəhlizinin aşağı həddini isə dəyişməyərək 6,25% saxlayıb.

Qeyd edilib ki, bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya gözləntilərinin stabilləşməsi, risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilib. Proqnozlaşdırılan inflyasiyanın hədəfdə qalmasını nəzərə almaqla faiz dəhlizinin yuxarı həddinin və uçot dərəcəsinin azaldılması monetar şəraitin yumşalmasına yönəldilib. Aşağı həddin dəyişməz saxlanılması isə faiz dəhlizinin eninin optimallaşdırılmasına xidmət edir. Faiz dəhlizinin bu parametrləri müəyyənləşdirilərkən onların banklararası pul bazarındakı faizlərə təsir miqyası da nəzərə alınıb.

Xatırladaq ki, AMB-nin bundan əvvəlki üç qərarında da uçot dərəcəsini endirib. Sonuncu dəfə bu il yanvarın 31-də uçot dərəcəsi 8%-dən 7.75%-ə, faiz dəhlizinin aşağı həddi 6.5%-dən 6,25%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8.75%-ə endirilib.