AFFA-nın vitse-prezidenti: Azərbaycanın Gürcüstan yığmasının uğurunu təkrarlaya biləcək səviyyədə futbolçuları var – MÜSAHİBƏ

AFFA-nın vitse-prezidenti: Azərbaycanın Gürcüstan yığmasının uğurunu təkrarlaya biləcək səviyyədə futbolçuları var – MÜSAHİBƏ

Geridə qalan bir həftəlik periodda futbol üzrə Azərbaycan millisi “FIFA series - Edition 2024” layihəsində, 21 yaşadək oyunçulardan ibarət yığma isə Avropa çempionatının seçmə mərhələsində iki oyun keçirib.

Əsas komanda Monqolustana (1:0) qalib gəlib, Bolqarıstanla (1:1) bərabərə qalıbsa, U-21 müvafiq olaraq İngiltərə (1:5) və Ukraynaya (0:3) böyük hesabla uduzub.

AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov “Report”a müsahibəsində hər iki komandanın çıxışını dəyərləndirib. O, həmçinin aprelin 2-də reallaşacaq milli assosiasiyanın növbəti Hesabat-Seçki Konfransı barədə də fikirlərini bölüşüb.

- Yəqin ki, Azərbaycan millisinin “FIFA series - Edition 2024” layihəsində Monqolustan və Bolqarıstanla oyunlarını izlədiniz. Yığmanın çıxışı sizdə necə təəssürat yaratdı?
- Millini çoxdan idi görmürdük. Komandamız doğma azarkeşləri önündə heç də pis təsir bağışlamadı. Bolqarıstanı güclü rəqib hesab etmək olar. Futbolçular onlara qarşı sona qədər mübarizə apardılar, istəkli idilər. Oyun planında da dəyişikliklər hiss edilirdi və komanda son dəqiqəyə kimi qol axtarışında oldu. Bu da azərbaycanlı futbolçuların və məşqçilərin potensialını ortaya qoydu.

- Yığma Monqolustanla oyundakı performansa görə çox tənqid olundu. Belə çıxır ki, futbolçular nisbətən güclü rəqibə qarşı daha yaxşı motivasiya olunurlar?
- Bu, istər-istəməz belədir. Ola bilsin ki, futbolçular Monqolustanı ciddi qəbul etməmişdilər. Komandamız bu rəqib qarşısında çətinliklə üzləşdi. Yalnız son dəqiqələrdə bütün gücünü ortaya qoyaraq istəyinə nail oldu. Biz millimizin potensialını güclü komandalarla görüşlərdə ölçüb-biçməliyik. Bolqarıstanla qarşılaşmada da fərqli oyun oldu. Həmçinin Arif Əsədov müxtəlif taktiki gedişlərə əl atdı. Bolqarıstanla görüşdə yeni millinin cizgilərini gördük. Yığma oyununu təkmilləşdirib yoluna davam etməlidir.

- Millini meydana Arif Əsədov çıxarsa da, bəziləri Canni De Byazinin üslubunun davam etdirildiyini düşünür. Siz yığmada hansı yenilikləri gördünüz?
- Düzdür, Bolqarıstanla matçın ilk dəqiqələrində De Byazinin taktikasında oynadıq. Ancaq sonradan dəyişikliklər sayəsində fərqli yığma ortaya çıxdı. Futbolçular göstərdilər ki, müdafiədə etibarlı, hücumda kəsərli ola bilirlər. Sadəcə, bunu balanslaşdırmalıyıq.

- Siz hər zaman yığmanı yerli mütəxəssisin çalışdırmasının tərəfdarı olmusunuz. Monqolustan və Bolqarıstanla görüşlərdən sonra da eyni fikirdə qalırsınız?
- Bəli, mən yerli baş məşqçinin tərəfdarıyam. Çünki yerli mütəxəssislərin potensialı var. Bizim oynamağı bacaran futbolçularımız və işini bacaran məşqçilərimiz var. Buna şübhə ilə yanaşan səhv edir. Yığmaya milli ruhu yalnız yerli mütəxəssis qaytara bilər.

- U-21 millimiz isə Avropa çempionatının seçmə mərhələsində İngiltərə və Ukraynaya böyük hesabla məğlub oldu. Gənclərin çıxışı barədə nə deyə bilərsiniz?
- Oyunları izlədim. Rəqiblər çox güclü idilər. Böyükhesablı məğlubiyyətlərə baxmayaraq, komandamız mübarizə aparmağa çalışdı. Ancaq səviyyə sözünü dedi. Kiminsə bizdən üstün olduğunu demək asandır. Ancaq bunu demək yox, çıxış yolunu tapmaq lazımdır. U-21 futbol oynamağa, uduzmamağa çalışırdı. Sadəcə, səviyyə imkan vermirdi. Məşqçilər Komitəsi olaraq həmişə rəhbərliyə bildirirdik ki, gənclərə futbol oynamaq üçün imkan yaradılmalıdır. Bunun üçün isə klubların, liqaların, millilərin təlim-məşq toplanışlarının sayı artmalı, yoldaşlıq görüşləri çox olmalıdır. Futbolçu oyunda inkişaf edir.

- Gürcüstan millisi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazandı. Azərbaycan yığmasından nə vaxt belə uğur görəcəyik?
- Bu suala 1-2 cümlə ilə cavab vermək çox çətindir. Baş məşqçi Villi Sanyolun dəvət etdiyi 26 futbolçudan 23-ü ölkə xaricində legioner həyatı yaşayır. Bu da ən böyük səbəblərdən biridir. Nəticədə Gürcüstan millisi bu gün Avropanın güclü komandalarına qarşı başabaş mübarizə apara bilir. Yenə də futbolçularımızın kimdənsə zəif olduqlarını düşünmürəm. Onların da xaricə yolları açılmalıdır. Bizə indi qalan qonşuların uğuruna sevinməkdir.

- Gürcüstan yığmasının bu uğurunu nümunə götürüb, onların keçdiyi yola nəzər yetirmək xeyrimizə olmaz?
- Görünən odur ki, nəyisə götürmək lazımdır. Gürcüstan çempionatı bizim Premyer Liqadan heç də üstün deyil. Bizdə futbola daha çox sərmayə yatırılır. Ən böyük üstünlükləri isə əksər oyunçularının ölkə xaricində çıxış etmələridir.

- Bəlkə çox sərmayə yatırıldığı üçün futbolçularımız ölkədən çıxmağa həvəs göstərmirlər?
- Gürcüstanın bu uğuru təkcə legionerlərinin çoxluğu ilə bağlı deyil. Hər şey zəncirvaridir. Hansısa addımlar istəyimizə nail olmağa imkan vermir. Gürcüstan yığması sübut etdi ki, mümkünsüz heç nə yoxdur. Azərbaycanın isə bu uğuru təkrarlaya biləcək səviyyədə futbolçuları var.

- Aprelin 2-də keçiriləcək növbəti Hesabat-Seçki Konfransında AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək. Namizədlər artıq məlumdur. Futbolumuzda hansı dəyişikliklər gözlənilir?
- Ümid edirəm ki, bu dəyişikliklər gələcək üçün inam verəcək. Yeni nəfəsin gəlişi ilə, bəlkə də zamanla futbolumuz inkişaf edəcək.

- AFFA İcraiyyə Komitəsinə namizədlər arasında adınız yox idi. Belə çıxır ki, vəzifənizi tərk edəcəksiniz?
- Təbii haldır. Yeni rəhbərlik yeni İcraiyyə Komitəsi ilə çalışmalıdır. Biz futbolun içində olan insanlarıq. Əvvəllər bu sahədə olmuşuq, bundan sonra da olacağıq. Azərbaycan futbolu üçün bundan sonra da əlimizdən gələni etməyə hazırıq. Futbolumuzun dəyərini bilirik. İnsana gözəlliyi vəzifə vermir. AFFA İcraiyyə Komitəsində kim olacaqsa, onlara uğurlar arzulayıram.

- AFFA Məşqçilər Komitəsində fəaliyyətinizi davam etdirəcəksiniz?
- Bəli, AFFA Məşqçilər Komitəsi fəaliyyətini davam etdirir. 18 yaşımdan, yəni 47 ildir futbolun içindəyəm. Bir gün də kənarda qalmamışam, Azərbaycan futbolu üçün çalışmışam. Nələrsə alınıb, nələrsə alınmayıb. Ancaq həmişə futbolumuza sadiq olmuşam.