Putin məmurlarla danışıq aparıb, prezidentin gözlənilən müraciəti “texniki xəta” adlandırılıb

Putin məmurlarla danışıq aparıb, prezidentin gözlənilən müraciəti “texniki xəta” adlandırılıb

Rusiya Prezidenti Vladimir Putin Moskva vilayətinin qubernatoru Andrey Vorobyov, baş nazirin müavini Tatyana Qolikova və səhiyyə naziri Mixail Muraşko ilə danışıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, məmurlar zərərçəkmişlərə yardımın göstərilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər.

Putin Federal Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, İstintaq Komitəsi və Rusiya Qvardiyasının rəhbərləri ilə də danışıb.

Bununla belə, Dövlət başçısı “Krokus siti holl”a hücumla bağlı rusiyalılara müraciət etməyib. “RİA Novosti” müraciətin anonsunu versə də, sonradan elanı “texniki xəta” adlandırıb.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Onların saxlanılıb-saxlanılmaması barədə məlumat verilməyib. Şübhəli şəxslərin beş nəfər olduğu güman edilir. Olayda ümumilikdə 60-dan çox insan ölüb, 147 nəfər yaralanıb.