Rusiya Səhiyyə Nazirliyi terror aktında ağır yaralananların sayını açıqlayıb

Rusiya Səhiyyə Nazirliyi terror aktında ağır yaralananların sayını açıqlayıb

“Krokus siti holl”da baş vermiş terror aktında yaralananlardan 60-nın vəziyyəti ağırdır.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko “Rossiya-24”ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, 5-i azyaşlı olmaqla 100-dən çox insan xəstəxanaya yerləşdirilib:

“115 nəfəri xəstəxanaya yerləşdirmişik, onlardan beşi uşaqdır. Bir körpə ağır vəziyyətdədir”.

Eyni zamanda, o, 60 nəfərin vəziyyətinin ağır olduğunu əlavə edib.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Onların saxlanılıb-saxlanılmaması barədə məlumat verilməyib. Şübhəli şəxslərin beş nəfər olduğu güman edilir. Olayda ümumilikdə 40 nəfər ölüb, 147 nəfər yaralanıb.