Qərbi Azərbaycan Xronikası: Bir vaxtların məşhur mügənnisi qaçqınlıq həyatının faciələrindən danışıb

Qərbi Azərbaycan Xronikası: Bir vaxtların məşhur mügənnisi qaçqınlıq həyatının faciələrindən danışıb

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

"Report" xəbər verir ki, “Kəndimizin həsrətindən qıçamın bir tərəfi qurudu” adlı veriliş Zəngəzur mahalının Qafan rayonunun Kurud kənd sakini Rəhilə Bəndəliyevanın həyat hekayəsinə həsr olunub.

O, uşaqlığının maraqlı keçdiyini, 8-10 yaşlarında nənəsi ilə yaylaqlara, təsərrüfata getdiyini, 1970-ci ildə Bakıya köçdüklərini söyləyib: “Anamın ayaqları ağrıyırdı. Həkim o vaxt demişdi ki, ona dəniz kənarı lazımdı. Gəldik Bakıda üzümçülük sovxozunda məskunlaşdıq”.

Onun sözlərinə görə, 1976-cı ildə Asəf Zeynallı adına musiqi məktəbinə qəbul olub: “Bizim kəndimiz balaca kənd idi. Evimiz 2 mərtəbəli idi. O vaxt biz köçəndən sonra orada bibilərim yaşadı. 1965-ci ildə kəndimizdə orta məktəbin 1-ci sinfinə getmişəm. Orada 5 il oxumuşam. İkinci sinifdə nəğmə dərslərində, dərnəklərdə “Arşın mal alan”dan mahnılar, musiqilər ifa edirdim”.

R.Bəndəliyeva Bakıya köçəndən sonra kəndin həsrətindən xəstə düşdüyünü bildirib: “Qıçamın bir tərəfi qurudu. 6-cı sinfi Xəzər rayonunun Binə qəsəbəsində oxudum. Atam məni öz evimizə apardı. Orada sinirlərim bir az sakitləşdi. Gələndən sonra daha ağrılarım olmadı. Ancaq hər yay, ta 1988-ci ilə qədər biz ora gedib gəlirdik. O illər mənim heç vaxt yadımdan çıxmaz. Çox istəyərdim nənəmin məzarını görüm”.

O, qaçqınlıq illərindən də söz açıb: “1988-ci il idi. Qafanın katibi erməni idi. Bizim sovxozun direktoruna zəng edir ki, camaatı çıxardın. Camaatı gecə ilə çıxardılar. Sonra onların böyükləri İrəvanda biliblər ki, bu katib azərbaycanlılara kömək edib.

Onu azərbaycanlılara kömək etdiyi üçün işdən çıxardılar, işgəncə verdilər, uşaqlarını İrəvanda institutdan qovdular. Yəni ermənilər həmin gecə camaatı qırmaq istəyirmişlər”.

Vətən həsrətinin çətin olduğunu deyən R.Bəndəliyeva 44 gündə Qarabağı bizə qaytaran Prezidentimiz İlham Əliyevin sayəsində Zəngəzura, Göyçəyə qayıdacağımıza əminliyini vurğulayıb: “Vətəni kim sevməz ki?! Arxaya baxıram Vətəndi, qabağa gedirəm Vətəndi. Hara baxsan Vətəndi. Çox əminəm ki, Vətənimizə qayıdacağıq. İnşallah, Zəngəzurumuz da, Göyçəmiz də, Vedibasarımız da, Zəngibasarımız da, yəni bütöv Qərbi Azərbaycan bizim olacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.