Blinken sabah Netanyahu və İsrail hərbi kabinetinin üzvləri ilə görüşəcək

Blinken sabah Netanyahu və İsrail hərbi kabinetinin üzvləri ilə görüşəcək

ABŞ dövlət katibi Entoni Blinken sabah İsrailə səfər edəcək.

APA xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Blinken İsrailin Baş naziri Benyamin Netanyahu və bu ölkənin hərbi kabinetinin üzvləri ilə görüşəcək.

Nəşr qeyd edir ki, Blinken Səudiyyə Ərəbistanı və Misirə səfər etdikdən sonra İsrailə gedəcək.

Bir müddət əvvəl ABŞ Dövlət Departamentinin mətbuat xidməti bildirmişdi ki, Blinken Yaxın Şərqə səfəri zamanı bütün girovların azad edilməsini və Qəzzaya humanitar yardımın həcminin artırılmasını müzakirə edəcək.

Qeyd olunub ki, Blinken Qəzza zolağında dərhal atəşkəs haqqında razılığın əldə edilməsi səylərini müzakirə etmək niyyətindədir.

“Kan” radiosunun məlumatına görə, İsrail təhlükəsizlik kabinetinin bu gün keçirilməsi planlaşdırılan iclası gələn həftənin əvvəlinə təxirə salınıb.