Qərbi Azərbaycan Xronikası: “Zəngibasar türkləri hücuma keçsə, Ermənistan dağılacaq”

Qərbi Azərbaycan Xronikası: “Zəngibasar türkləri hücuma keçsə, Ermənistan dağılacaq”

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Zəngibasar türkləri hücuma keçsə, vedililərə qoşulsa, Ermənistan dağılacaq” adlı veriliş hazırlanıb.

"Report" xəbər verir ki, verilişdə 1918-ci ildə Qafqazda özünə qondarma dövlət quran erməni-daşnak dəstəsinin dinc əhalini qırmasından, bütün mahallarda azərbaycanlılara qarşı soyqırımı törətməsindən və kütləvi qovmasından bəhs olunur.

Bildirilib ki, Zəngibasar mahalında törədilən vəhşiliyin, amansız qətliamın tarixdə təkrarı olmayıb: “Erməni tarixçiləri bu qətliamı “mərkəzi erməni hökumətinə tabe olmayan əhalinin üsyanı və bu üsyanın yatırılması” kimi qeyd edirlər. Çağdaş erməni tarixinə həsr olunmuş mediamax.am portalının “Respublika” layihəsində bu hadisələr haqqında qeydlərdə yerli Azərbaycan əhalisinin qəhrəmanlıqla müdafiə olunması öz əksini tapıb. Tarixi saxtalaşdıran erməni mənbələri azərbaycanlıları tatar əhalisi kimi qeyd ediblər”.

Qeyd olunub ki, o dövrdə dırnaqarası erməni başbilənləri üçün Zəngibasar və Vedidə yaşayan azərbaycanlılar İrəvan üçün ən böyük təhlükə sayılıb. Onların fikrincə, əgər Zəngibasar azərbaycanlıları hücuma keçsə və vedililərə qoşulsa, Ermənistan dağılacaq.

Diqqətə çatdırılıb ki, bu “qorxu”ya görə daşnak erməni qoşunları 1918-ci ilin iyununda İrəvan quberniyasında 200-dən çox müsəlman kəndini dağıdıb: “İki ay ərzində ermənilər tərəfindən Üçmüədzin qəzasında 62, Sürməli qəzasında isə 34 müsəlman kəndi məhv edilib. Erməni tarixçilərinin özlərinin etirafına görə, ermənilər evləri talan edib, kəndi tamamilə yandırıblar ki, bir daha əhali öz evlərinə qayıda bilməsin. Daşnak silahlı qüvvələri bütün azərbaycanlı kəndlərini viran qoyub, əhaliyə divan tutub qırğınlar törədib”.

Sonda vurğulanıb ki, bütün bu müsibətlər yalnız 1920-ci ilin sonunda Ermənistanda Sovet hakimiyyəti qurulanda səngisə də, amma bitməyib: “1988-ci ilə qədər Zəngibasar əhalisini daim təzyiqdən saxlayan ermənilər nəhayət arzularına çatdılar, xüsusi qəddarlıq və amansızlıqla Zəngibasar mahalında yaşayan yerli azərbaycanlı əhalini qovdular, türksüz Zəngibasar, Ermənistan niyyətlərini həyata keçirdilər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.