“Veymar üçbucağı”nın müdafiə nazirlərinin görüşü mayda Polşada keçiriləcək

“Veymar üçbucağı”nın müdafiə nazirlərinin görüşü mayda Polşada keçiriləcək

Polşa, Almaniya və Fransanın müdafiə nazirləri arasında “Veymar üçbucağı” formatında danışıqlar yazın sonunda Polşanın Vrotslav şəhərində baş tutacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış almaniyalı həmkarı Boris Pistorius ilə danışıqlardan sonra bildirib.

“Mayın əvvəlində Vrotslavda “Veymar üçbucağı” formatında müdafiə nazirlərinin görüşü keçiriləcək”, - polşalı nazir mətbuat konfransında deyib.

Kosinyak-Kamışın sözlərinə görə, tərəfdaşlar bu əməkdaşlıq formatını təkcə siyasi deyil, həm də müdafiə baxımından canlandırmağa çalışırlar. Üç ölkənin silahlı qüvvələrinin birgə təlimlərinin keçirilməsi də planlaşdırılır.

Qeyd edək ki, “Veymar üçbucağı” Almaniya, Fransa və Polşa arasında 1991-ci ilin avqustunda yaradılmış üçtərəfli formatdır. İlkin vaxtlarda o, Polşanı Avropa İttifaqı və NATO ilə yaxınlaşdırmaq üçün bir vasitə kimi düşünülmüşdü.