Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Mingəçevir, Bakı-Şamaxı, Bakı-Zaqatala, Bakı-Oğuz, Bakı-Qəbələ, Sumqayıt-Yalama (Xaçmaz), Quba-Qusar şəhərlərarası, paytaxtın 54 nömrəli şəhərdaxili, 123 156 nömrəli şəhərətrafı müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.

“Birxeber.Az” AYNA-ya istinadən məlumat verir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 16 aprel saat 17:00-a qədər AYNA-da (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 012-567-99-76, 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təklifləri Bakı-Mingəçevir, Bakı-Şamaxı və Bakı-Zaqatala istiqamətlərində 5 Lot üzrə aprelin 30-da, Bakı-Oğuz, Bakı-Zaqatala, Bakı-Qəbələ və Sumqayıt-Yalama (Xaçmaz) istiqamətlərində 4 Lot üzrə mayın 3-də, Quba-Qusar istiqamətində, eləcə də paytaxtın 54 nömrəli şəhərdaxili, 123 156 nömrəli şəhərətrafı müntəzəm avtobus marşrutları üzrə 4 Lot üzrə mayın 7-də nəzərdən keçiriləcək.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə etmək mümkündür.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.