NATO Baş katibinin Qafqaz səfəri: Bakı qərb və şimal üçün etibarlı tərəfdaşdır- ŞƏRH

NATO Baş katibinin Qafqaz səfəri: Bakı qərb və şimal üçün etibarlı tərəfdaşdır- ŞƏRH

NATO-nun Baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) Cənubi Qafqaza səfərini Azərbaycandan başlayıb.

Yaxın Şərq və Ukraynada müharibənin şiddətlənməsi fonunda Alyans liderinin Bakıya ziyarəti Qərblə Azərbaycan münasibətlərinin inkişaf etdiyinin göstəricisi sayıla bilər. Bəziləri bu səfərə qısqanclıqla yanaşa, yaxud bunu qeyri-adi saya bilər. Ancaq tərəflər arasında əlaqə 32 il ərzində həmişə olub. Onların bir neçəsini yada salaq. Münasibətlər 1992-ci ildə yeni yaradılan Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olmağımızla başlayıb. 1997-ci il noyabrın 21-də isə Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə NATO-da diplomatik nümayəndəlik təsis edilib.

Hətta Azərbaycan-NATO əlaqələrinin 15 illiyinə həsr olunmuş poçt markası da buraxılıb. 1994-cü il mayın 4-də NATO ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün Sülh Naminə Tərəfdaşlıq Çərçivə Sənədi imzalanıb. Azərbaycan NATO əməliyyatlarının müdafiə planlamasına daha sıx cəlb olunmaq üçün SNT Planlaşdırma və Baxış Prosesinə qoşulub. Azərbaycan Prezidentinin fərmanı ilə NATO ilə Əməkdaşlıq üzrə Xüsusi Komissiya yaradılıb.

Ölkəmiz 2002-ci ilin noyabrında NATO Parlament Assambleyasının qərarı ilə assosiativ üzv olub. 2004-cü il iyunun 28-də İstanbul Zirvəsində Qafqaz bölgəsi müzakirə edilib. Üzv dövlətlər Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndə vəzifəsi yaratmaqla bağlı qərar qəbul edib. Həmin il sentyabrın 15-də NATO-nun Baş katibinin Qafqaz üzrə ilk xüsusi nümayəndəsi təyin olunub.

Azərbaycan hərbçiləri Şimali Atlantik Alyansının sülhməramlı kontingenti tərkibində Əfqanıstan, Kosovo, İraqda xidmət edib. Onu da vurğulamaq lazımdır ki, NATO-ya üzv dövlətlər müxtəlif sammitlərdə ölkəmizin ərazi bütövlüyünü dəstəkləyiblər. Odur ki, Baş katibin səfərində qeyri-adilik axtaranlara bunu həm də kiçik xatırlama olaraq çatdırmaq istədik.

Prezident İlham Əliyevlə Yens Stoltenberqin görüşündə müzakirə edilən məsələləri ənənəvi əməkdaşlığın davamı kimi dəyərləndirmək olar.

Təbii ki, görüş zamanı Ermənistanla sülh sazişinin bağlanması diqqət mərkəzində olub. Dövlət başçısı Ermənistanla bu istiqamətdə 7 dəfə görüş keçirildiyini vurğulayıb. O, Azərbaycanın sülhməramlı addımlar atdığını qonağın diqqətinə bir daha çatdırıb: “Hazırda biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik. Sülh danışıqlarına başlamağın bizim təşəbbüsümüz olduğunu bir daha bildirmək istərdim. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə görüş baş tutub”.

Yens Stoltenberq də sülh cəhdlərinin alqışladıqlarını qeyd edib: “Tərəfdaşlığımız təkcə siyasi dialoqa yox, o cümlədən əyani əməkdaşlığa söykənir və biz bunu alqışlayırıq. Bundan əlavə, təbii ki, bu regionda sülh bölgə xalqları, ölkələri üçün çox vacibdir, o, həmçinin Qara dəniz regionu və Şimali Atlantika təhlükəsizliyi üçün əhəmiyyətlidir. Buna görə də sülh və sabitlik nəinki burada, həmçinin daha geniş miqyasda təhlükəsizlik üçün vacibdir".

Dövlət başçısı ilə Baş katibin açıqlamaları bir daha isbatlayır ki, regional məsələlərə Azərbaycanla NATO eyni mövqedən yanaşır.

Azərbaycan Ukraynanın ərazi bütövlüyünü daim müdafiə edib, bu ölkəyə şəffaf şəkildə humanitar yardımlar göndərib. Rəsmi Bakı dövlətlərin beynəlxalq səviyyədə tanınan ərazi bütövlüklərinin toxunulmazlığını müdafiə etməklə yanaşı, bu istiqamətdə ikili yanaşmalara da dəfələrlə etiraz edib. Xüsusi ilə ərazi bütövlüyünün bərpası istiqamətində atdığı addımların Ermənistanın havadarları tərəfindən təhrif edilməsini, Avropa Parlamentin bu günlərdə qəbul etdiyi anti-Azərbaycan qətnaməyə də sətiraltı işarə edib.

Prezident Avropanın enerji təhlükəsizliyində ölkəmizin oynadığı rolu da Baş katiblə müzakirə edib. Brüsseldəki son görüşlərindən sonra bəri qaz təchizatı baxımından NATO-ya üzv daha 2 dövlətin Azərbaycanın tərəfdaşı olduğunu vurğulayıb: “Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə tərəfdaş ölkədir”.

Qarşıdakı illərdə bu istiqamətdə tərəfdaşlarının sayının artacağını qeyd edən Prezident deyib: “Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Bu isə həm böyük üstünlük, həm də böyük məsuliyyətdir”.

Dövlət başçısı bu açıqlama ilə Avropa Parlamentində “Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı toplantıda qəbul edilən qətnaməyə də eyham vurub. Bu qurumun heç bir məsuliyyət daşımadığını, bu səbəbdən də Azərbaycana qarşı çıxışlar və qəbul edilən sənədləri ilə qərəzli olduqlarını çatdırıb. Başqa sözlə Avroparlament kimi qurumlar Azərbaycanla Avropa İttifaqı və NATO arasında da pozuculuq fəaliyyəti göstərir. Qarşılıqlı əhəmiyyət və maraq daşıyan məsələlərin reallaşmasına mane olurlar.

Baş katib ümumi təhlükəsizlik üçün enerjinin vacibliyini nəzərə alaraq bu sahəyə dair müzakirə aparmaq məqsədi ilə Bakıya səfərinin çox xoş olduğunu vurğulayıb.

Yeri gəlmişkən, NATO həm də dünyanın ətraf mühit problemlərinə diqqət edən beynəlxalq təşkilatdır. Alyansın Baş katibi bu baxımdan COP29-un Bakıda keçiriləcəyini də alqışlayıb.

Bir məsələni də qeyd edək ki, Yens Stoltenberq Baş katib kimi Azərbaycana ilk dəfə səfər etsə də, təşkilatın müxtəlif vəzifəli şəxsləri dəfələrlə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Gennadi Gerasimovla Bakıda görüşüblər.

Ona görə də Azərbaycan Cənubi Qafqazda həm qərb, həm şimal üçün etibarlı, tərəfsiz ölkə sayılır. Yens Stoltenberq Bakıya ilk səfəri ilə də bunu bir daha təsdiqləyib.