“Kəpəz”in son 3 ev oyununu harada keçirəcəyi bu həftə dəqiqləşəcək

“Kəpəz”in son 3 ev oyununu harada keçirəcəyi bu həftə dəqiqləşəcək

“Kəpəz”in Azərbaycan Premyer Liqasında cari mövsümün son 3 ev oyununu harada keçirəcəyi bu həftə dəqiqləşəcək.

Bu barədə “Birxeber.Az”a Gəncə klubunun İdarə Heyətinin sədri İlqar Nadiri məlumat verib.

O bildirib ki, rəhbərlik məsələ ilə bağlı tezliklə bir qərara gələcək.

İlqar Nadiri onu da əlavə edib ki, Gəncə şəhər stadionunda görülən işlərin gedişatından məlumatsızdırlar: “Stadion Gənclər və İdman Nazirliyinin tabeliyindədir. Nazirliyin nəzarəti altında işlər davam edir. Bu səbəbdən onlar daha ətraflı məlumat verə bilərlər. Bizim bazadan gördüyümüz qədər işlər gedir. Ancaq bunun hansı mərhələdə olduğunu bilmirik”.

Qeyd edək ki, “Kəpəz” Premyer Liqanın XXVIII turunda “Qarabağ”la ev oyununu Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Gəncəlilər XXXI turda “Sabah”ı, XXXIII turda “Sumqayıt”ı, XXXV turda isə “Zirə”ni qəbul edəcək. Həmin matçların məkanı hələ bəlli deyil.