"Neftçi"nin qələbəsi Azərbaycan çempionatında rekordun təkrarlanmasına səbəb olub

"Neftçi"nin qələbəsi Azərbaycan çempionatında rekordun təkrarlanmasına səbəb olub

"Neftçi"nin Azərbaycan Premyer Liqasının 27-ci turunda "Səbail" üzərində 3:0 hesablı qələbəsi çempionatlar tarixində rekordun təkrarlanmasına səbəb olub.

"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Azərbaycan çempionatında bu mövsüm bütün komandalar 3 və ya daha çox qol vuraraq böyükhesablı qələbəyə seviniblər.

"Səbail"i 3:0 məğlub edən "ağ-qara"lar bu turadək heç bir kluba 3 və ya artıq top fərqi ilə qalib gəlməmişdi. Komanda ilk dəfə böyükhesablı qələbə qazanıb.

Bununla da Premyer Liqada böyükhesablı qələbə qazanmayan komanda qalmayıb.

Bütün komandaların mövsüm ərzində belə qələbə qazanması Azərbaycan çempionatları tarixində 4-cü belə hadisədir. Bunadək 1995/1996, 2009/2010 və 2021/2022 mövsümlərində hər komanda ən azı bir dəfə üç və ya daha artıq top fərqi ilə qalib gəlib.