Daşkəsən şəhərinin 76 illiyi qeyd olunub

Daşkəsən şəhərinin 76 illiyi qeyd olunub

Daşkəsən şəhərinin 76 illiyi şəhərin qurucu əmək veteranları ilə birlikdə qeyd edilib.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, tədbirdə icra hakimiyyətinin rəhbər şəxsləri, uzun illər şəhər ərazisində yaşayan, əmək fəaliyyəti, bütün həyatı bu şəhərlə bağlı olan yaşlı insanların bir qismi iştirak edib.

Tədbirdə qeyd edilib ki, 2-ci Dünya müharibəsindən sonra 1948-ci il mart ayının 16-da əsası qoyulan Daşkəsən şəhəri Azərbaycanın ən gənc şəhərlərindən biridir. Şəhərin salınması əsasən dəmir filiz mədəninin istismara başlaması ilə bağlı olub. 30 avqust 1930-cu ildə yaradılmış Dəstəfur rayonu 1956-cı ildən mərkəzi Daşkəsən şəhəri olmaqla Daşkəsən rayonu adlandırılıb.

Sovetlər dövründə Daşkəsən şəhəri el arasında "85" kimi də adlandırılırdı. Bu da ərazidə 85 nömrəli alman əsir düşərgəsinin nömrəsi ilə bağlı olub.

Bu səbəbdən şəhərdə indi də bəzi binaların, rayon ərazisində olan körpülərin memarlıq baxımından görünüşünün alman üslubunda olması müşahidə edilir.

Vaxtı ilə Azərbaycanın Uralı adlandırılan Daşkəsən şəhəri hər zaman gənc kadrlar üçün yeni perspektivlər və inkişaf vəd edən şəhər olub. Dəmir, alunit və mərmər yataqlarının istismara başlaması ilə qısa müddətdə iri sənaye mərkəzinə çevrilməyi bacarıb.

Respublikanın müxtəlif bölgələrindən, eyni zamanda o zamankı müttəfiq respublikaların ərazisindən mütəxəssislər işləməyə gəlib və bir çoxları bu şəhərdə yaşamağa başlayıb.

2 280 ev təsərrüfatı olmaqla 11 401 nəfər sakinin yaşadığı Daşkəsən şəhərində 8 mədəniyyət müəssisəsi, 5 tam orta məktəb, 4 uşaq bağçası, 1 Rayon Mərkəzi Xəstəxanası və digər idarə, müəssisə və təşkilatlar fəaliyyət göstərir.

Birinci və İkinci Qarabağ müharibəsində Daşkəsən rayonu 98 şəhid verib. Onlardan 38-i Daşkəsən şəhərindəndir.

Tədbirdə SSRİ Ali Sovetinin deputatı, 88 yaşlı Alıyev İlyas Səməd oğlu, Qırmızı Əmək Bayrağı ordenli, maarif əlaçısı 83 yaşlı Həsənov Akif Ədil oğlu, Əməkdar müəllim, 76 yaşlı Mahmudova Duman Qoca qızı, Rayon Ağsaqqllar Şurasının sədri, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı və Dövlət qulluğunda fərqlənməyə görə medal ilə təltif olunmuş 74 yaşlı Qocayev Cavanşir Dövlət oğlu, 72 yaşlı Əməkdar müəllim Ağayeva Hamaya Oruc qızı öz xatirələrini bölüşüb, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Daşkəsən şəhərində yaşadıqları illər ərzində bu şəhərin quruculuğunda, sosial-iqtisadi inkişafında, ictimai və mədəni həyatında yaxından iştirak etmiş digər çıxış edən ağsaqqallardan dağ-mədən mühəndisi, hazırda “Daşkəsən Dəmir Filiz" MMC-də baş geoloq vəzifəsində çalışan Süleymanlı Rasim Cumalı oğlu, əmək veteranları Mahmudov Ələkbər Məhəmmədəli oğlu, Məmmədov Xanlar Məhəmməd oğlu, Nəsibov Asim İsa oğlu, ağbirçəklərdən şəhid anası Abbasova Qızbəs Hüseyn qızı, Məmmədova Səidə Ağalar qızı, Əliyeva Mərcan Rəsul qızı Daşkəsən şəhərinin tarixindən və dövlətimizin əldə etdiyi uğurlardan danışıblar.

Tədbirin sonunda iştirakçılara rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edilib.