Əli Əsədov Gürsüstana səfərə dəvət edilib - YENİLƏNİB

Əli Əsədov Gürsüstana səfərə dəvət edilib - YENİLƏNİB

Martın 16-da Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında görüş keçirilib.

Nazirlər Kabinetindən "Birxeber.Az"a verilən məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyəsindən məmnunluq ifadə olunub.

İki ölkə arasında fəal siyasi dialoqun aparıldığı, Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədikləri vurğulanıb. İqtisadi əməkdaşlığın yaxşı dinamikaya malik olduğu məmnunluqla qeyd edilib.

Bildirilib ki, Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkələrdən və onun əsas ticarət tərəfdaşlarından biridir.

Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələri uğurlu regional əməkdaşlıq nümunəsi kimi səciyyələndirilib. Bu kontekstdə Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti xüsusi vurğulanıb.

Eyni zamanda Azərbaycan və Gürcüstanın iştirakı ilə yaradılmaqda olan Avropaya yaşıl enerji körpüsünün bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyinə əlavə töhfə verəcəyinə əminlik ifadə olunub. Nəqliyyat-tranzit sahəsi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi dəyərləndirilib. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyəti vurğulanıb.

Həmçinin Orta Dəhlizin inkişaf etdirilməsi istiqamətində birgə atılan addımların önəmi vurğulanıb. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə açılan yeni əməkdaşlıq imkanlarına toxunulub, Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpasının yük daşımalarının artmasına xidmət edəcəyinə və bütün region ölkələrinə iqtisadi cəhətdən əhəmiyyətli fayda verəcəyinə əminlik ifadə olunub.

Mədəni-humanitar sahədə əməkdaşlığın dinamikası təqdir edilib. Bu əməkdaşlıq Azərbaycan-Gürcüstan dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə, iki xalqın bir-birinə daha da yaxınlaşmasına mühüm töhfə verir. Bununla yanaşı, ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün hələ istifadə olunmamış geniş potensialın olduğu məmnunluqda qeyd edilib. Bu imkanların reallaşdırılması baxımından Baş nazirlərin həmsədrləri olduqları Birgə hökumətlərarası komissiya mühüm platforma kimi dəyərləndirilib.

Ə.Əsədov Azərbaycan-Gürcüstan əlaqələrinin inkişaf dinamikasını və əməkdaşlığın geniş gündəliyini nəzərə alaraq Komissiyanın 10-cu yubiley iclasının yaxın aylarda Bakı şəhərində keçirilməsini təklif edib, bununla əlaqədar İ.Kobaxidzeni Azərbaycana səfərə dəvət edib.

Gürcüstanın Baş naziri dəvəti məmnunluqla qəbul edib.

Görüşdə iki ölkə arasında əlaqələrin ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, humanitar və qarşılıqlı maraq doğuran bir çox digər istiqamətlərdə inkişaf perspektivləri müzakirə olunub.

14:11

Bakıda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycandan olan həmkarı Əli Əsədovla görüşüb.

“Birxeber.Az”un “Sputnik Gruziya”ya istinadən verdiyi xəbərə əsasən, baş nazirlər ikitərəfli münasibətləri müzakirə ediblər.

Tərəflər strateji əməkdaşlıq, iqtisadi-ticari əlaqələrin dərinləşməsi, birgə regional layihələr, Orta dəhlizin inkişafı mövzuları ətrafında müzakirə aparıblar.

İ.Kobaxidze Əli Əsədovu Gürcüstana səfərə dəvət edib, ölkəsinin Cənubi Qafqazda sülh və əmin-amanlığın təmin edilməsi üçün səylərini davam etdirməyə hazır olduğunu bəyan edib.