Sərxan Hacıyev: Premyer Liqa klublarının adı oyun alqı-satqısı ilə bağlı siyahıda yoxdur

Sərxan Hacıyev: Premyer Liqa klublarının adı oyun alqı-satqısı ilə bağlı siyahıda yoxdur

Premyer Liqa klublarının adı oyun alqı-satqısı ilə bağlı siyahıda yoxdur.

"Report"un Gəncəyə ezam olunan əməkdaşının məlumatına görə, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev "Kəpəz"in yeni akademiyası və məşq mərkəzinə təşkil olunan media tur zamanı jurnalistlərə açıqlamasında deyib.

S.Hacıyev Azərbaycan çempionatlarında baş verən oyun alqı-satqısına toxunub: "Bu məsələ artıq mənim tərəfimdən bir neçə dəfə qeyd olunub. Sözügedən mövzuda tamamlama işləri aparılır. Yaxın günlərdə AFFA-nın müvafiq komitəsi tərəfindən qərarlar veriləcək və bu barədə ictimaiyyətə açıqlanacaq. Ancaq I və II Liqa təmsilçiləri arasında müəyyən xoşagəlməz hallar baş verir".

AFFA rəsmisi apreldə qurumda keçiriləcək prezident seçkilərindən də danışıb: "Hazırda bu barədə nəsə demək çətindir. Mənim AFFA-da qalıb-qalmayacağım da yeni seçiləcək federasiya prezidentinin tövsiyəsi və İcraiyyə Komitəsinin qərarından asılıdır".

Baş katib UEFA Avropa Liqasının 1/8 final mərhələsinin Almaniyada keçirilən "Bayer 04" - "Qarabağ" matçı barədə fikirlərini bölüşüb: "Dünən bütün Azərbaycan vətəndaşları eyni hissi keçirirdi. Bunu sözlə ifadə etmək mümkün deyil. "Qarabağ" bir mövsüm ərzində Avropa meydanlarında iki böyük tarix yazdı. Fürsətdən istifadə edib Ağdam təmsilçisini bu xoş hisslərə, həyəcana görə təbrik edirəm. Məğlubiyyətə baxmayaraq, dünənki matç qalibiyyətə bərabər idi. "Qarabağ" hər birimiz üçün qalibdir".

O, növbəti mövsüm üçün Azərbaycan Premyer Liqasında komanda sayının artırılması ilə bağlı suala cavab verib: "Sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək. İdman prinsipləri qorunacaq, birinci liqanın qalibi Premyer Liqada oynamaq şansı qazanacaq. Komanda sayının növbəti mövsüm üçün artırılması hazırda müzakirə mövzusu deyil".