Fransa Cənubi Qafqazda sülhün və işgüzar mühitin qarşısında duran yeganə dövlətdir - RƏY

Fransa Cənubi Qafqazda sülhün və işgüzar mühitin qarşısında duran yeganə dövlətdir - RƏY

Milli Məclisin deputatı Elnur Allahverdiyev Cənubi Qafqazda sabit və möhkəm sülhün, işgüzar mühitin, iqtisadi tərəqqinin qarşısında duran yeganə dövlətin Fransa olduğunu bildirib.

Deputat "Report"a açıqlamasında qeyd edib ki, Fransanın Azərbaycana qarşı qərəzli siyasəti bütün sərhədləri və etik çərçivələri aşır.

Onun sözlərinə görə, Azərbaycan şairəsi Xurşudbanu Natəvanın heykəlinə bu münasibət rəsmi Parisin normal, şərəfli siyasi mübarizə apara bilməməsinin göstəricisidir:

"Bu, həm də bir zəiflik əlamətidir. Fransa kimi tarixi dövlətçilik ənənələri olan bir dövlətin üç-beş erməni lobbisi üzvlərinin əlində qalması təbii ki, üzücüdür və təəssüf doğurur. Bu ölkənin hazırkı rəhbərliyinin içiboş aqressiyası onu geosiyasi dalana salıb və günlər keçdikcə biz bu siyasətin Fransa üçün hansı acı nəticələrə səbəb olduğunu və olacağını görürük".

Parlamentari qeyd edib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə əsaslı, savadlı və arqumentli siyasəti ilə Fransanın bu ədalətsiz və yersiz kampaniyasına qarşı mübarizə aparır.

"Bu gün Fransada sevgini, humanizmi tərənnüm edən qadın şairənin heykəlinə qarşı nümayiş etdirilən vandalizm heç bir sivil çərçivələrə sığmır. Heykələ qarşı qeyri-etik hərəkət yalnız acizliyin göstəricisidir. Əgər Fransa siyasi mübarizənin bu səviyyəsinə enibsə, deməli, bunu Azərbaycanın diplomatik qələbəsi saymaq lazımdır",- o, qeyd edib.

Milli Məclisin üzvü əlavə edib ki, ötən gün Bakıda “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən dövlət başçısının bu mövzuya xüsusi toxunması, Natəvanın heykəlinin fotoşəkillərini nümayiş etdirməsi həm tədbir iştirakçılarının, həm də beynəlxalq KİV vasitəsilə dünyanın bu vandalizm barədə məlumat əldə etməsi üçün cəsarətli addımdır: "Heykələ qarşı belə bir aqressiya Afrikada, ərəb ölkələrində milyonlarla insanın həyatına son qoymuş fransız müstəmləkəçiliyinin, soyqırımı siyasətinin davamıdır, belə demək mümkündürsə, müasir formasıdır".

E. Allahverdiyev vurğulayıb ki, bu gün Cənubi Qafqazda sabit və möhkəm sülhün, işgüzar mühitin, iqtisadi tərəqqinin qarşısında duran yeganə dövlət, maneə Fransadır: "Paris Ermənistanı silahlandırmaqla, bu ölkədə yaşayan daşnakları Nikol Paşinyan hakimiyyəti ilə barışdırmağa çalışmaqla erməni cəmiyyətində revanşizmin güclənməsinə bais olur. Parisdə hesab edirlər ki, bu yolla son 3 ildə itirdiklərini qaytara biləcəklər. Ancaq bu, xam xəyallardır. Onların gücü yalnız qadın heykəlinə çatır".