Volkan Bozkır: BMT günümüzün reallıqlarına sığmayan qəribə bir sistemdir

Volkan Bozkır: BMT günümüzün reallıqlarına sığmayan qəribə bir sistemdir

BMT, əlbəttə ki, XX əsrdə yaranıb və biz indi XXI əsrin problemləri ilə üzləşirik. XXI əsrin problemlərini XX əsrin alətləri ilə həll etmək olmaz.

Bunu XI Bakı Qlobal Forumunda iştirak edən BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır APA-ya müsahibəsində deyib.

O, bunun İkinci Dünya müharibəsindən sonrakı sistem olduğunu, dünyada qalib gələnlərin veto hüququnun olduğu, müharibədə məğlub olanların isə bu hüquqa sahib olmadığını xatırladıb: “Bu, günümüzün reallıqlarına sığmayan qəribə bir sistemdir. Beləliklə, nə vaxt problem yaransa və sizin həll təklifiniz olarsa, bu və ya digər ölkə ona veto qoyur. Deməli, BMT bəzilərinin əlindədir və bu təşkilat daha proseslərə müdaxilə edə bilmir. BMT təhsildə, mədəniyyətdə, humanitar yardımda və qidada yaxşıdır və BMT-nin bununla bağlı institutları var, lakin siyasi müdaxilə baxımından BMT-nin fəaliyyəti yoxdur”.

O, artıq onilliklərdir ki, BMT-nin heç bir uğur hekayəsinin olmadığını qeyd edib: “Əgər hər hansı bir şirkət, idman komandası və ya şəxs uğur göstərmirsə, onun etibarı aşağı düşür. Amma bizim BMT-ni başqa bir şeyə dəyişdirmək lüksümüz yoxdur, ona görə də onu bərpa etməliyik. Düzünü desəm, necə edə biləcəyimizi bilmirəm. BMT-də islahatlar onu bərpa etmək üçün istənilən həll yenidən veto sisteminə keçəcək və mən buna nail olacağımıza şübhə edirəm”.