“Qarabağ”ın qapıçısının meneceri “Bayer 04”lə oyunun hakimliyindən narazı qalıb

“Qarabağ”ın qapıçısının meneceri “Bayer 04”lə oyunun hakimliyindən narazı qalıb

“Qarabağ”ın qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnov komandanın UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer 04” klubuna 2:3 hesabı ilə məğlub olduğu oyunun hakimliyindən narazı qalıb.

“Report” xəbər verir ki, o, ingiltərəli referi Entoni Teylorun qarşılaşmanı vaxtında bitirmədiyini düşünür.

Smirnovun fikrincə, ədalət təmsilçisinin qarşılaşmanı əlavə etdiyi 6 dəqiqədən çox oynatmaq üçün heç bir əsası yox idi: “Bayer 04”ün daha güclü olduğu aydındır. “Qarabağ” qalib gəlsəydi, heç kim bir söz deməzdi. Amma səfərdə “Bayer 04”ə qarşı 10 nəfərlə oynamaq ölüm kimidir. Hakim görüşə 6 dəqiqə əlavə etsə də, Almaniya klubu 90+8-ci dəqiqədə qol vurdu. 90+3-cü dəqiqədəki qola almanlar sevindilər. Yəni buna görə əlavə dəqiqə yarım da oynatmaq nəyə lazım idi? Hakimin bu davranışı mənə doğru gəlmədi. “Qarabağ”ın məğlubiyyəti sevilən bir insanın itkisinə bənzəyir”.

Smirnov Avropa Liqasında “Bayer 04”dən güclü komanda olmadığını söyləyib: “Qarabağ” yenə sensasiya edə bilərdi. Fantastik bir fikir deyəcəyəm: “Bayer 04”ü keçsəydilər, Avropa Liqasını qazanmağa iddia edə bilərdilər. “Liverpul”un və ya başqasının hazırda “Bayer 04”dən güclü olduğunu düşünmürəm”.

Qeyd edək ki, iki oyunun cəmində 5:4 (2:2, 3:2) hesablı qələbə qazanan “Bayer 04” turnirin 1/4 finalına adlayıb.