Almaniyanın beş aeroportunun işçiləri tətilə başlayıb

Almaniyanın beş aeroportunun işçiləri tətilə başlayıb

Almaniyanın beş aeroportunun təhlükəsizlik şöbəsinin əməkdaşları iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tətilə başlayıblar.

“Report” xəbər verir ki, etiraz aksiyaları Hamburq, Ştutqart, Karlsrue/Baden-Baden, Köln və Berlin hava limanlarını əhatə edir.

Tətil bütün günü davam edəcək və bu, on minlərlə sərnişinin planlarını pozacaq. Tətil səbəbindən ümumilikdə 580-dən çox reysin ləğv olunacağı ehtimal edilir.

Bundan əlavə, cümə günü Almaniyanın digər şəhərlərində - Hannover, Dortmund, Drezden, Leypsiq, Vetsedə, eləcə də yenidən Karlsrue/Baden-Baden hava limanında işçilər tətil edəcəklər.

Eyni zamanda Həmkarlar ittifaqı Münhen hava limanında yük nəzarəti departamentinin əməkdaşlarını cümə axşamı yerli vaxtla saat 04:00-dan martın 15-i saat 06:00-a qədər tətil etməyə çağırıb. Bu aksiya əsasən aviadaşımalara təsir göstərəcək.

Həmkarlar İttifaqı təxminən 25 min adamın iş şəraitinin yaxşılaşdırılması ilə bağlı razılığa gəlməyə çalışır, danışıqların əvvəlki 5 mərhələsi nəticəsiz qalıb.