Azərbaycan-Qırğız İnkişaf Fondunun investisiya siyasəti müzakirə edilib

Azərbaycan-Qırğız İnkişaf Fondunun investisiya siyasəti müzakirə edilib

Bu gün keçirilən Azərbaycan-Qırğız İnkişaf Fondunun Şurasının 3-cü iclasında qurumun kredit, investisiya və uçot siyasətinə dair məsələlər müzakirə edilib.

“Birxeber.Az” bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. Bu platforma çərçivəsində müxtəlif maliyyə alətlərindən istifadə etməklə aqrar-sənaye kompleksi, energetika, bağçılıq, tekstil, turizm və digər sahələr üzrə prioritet layihələr maliyyələşdiriləcək.

Şuranın sədri, Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin sədrliyi ilə onlayn formatda keçən iclasda iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı vurğulanıb.

Bildirilib ki, birgə investisiya layihələrinin həyata keçirilməsi və ölkələrin ixrac-idxal imkanlarından daha səmərəli istifadə üçün tədbirlər görülür. Bu baxımdan, Azərbaycan-Qırğızıstan İnkişaf Fondu əhəmiyyətli platformadır.

İqtisadi əməkdaşlığın şaxələndirilməsi və mövcud potensialın reallaşdırılmasına yardım məqsədilə yaradılmış Fond Qırğızıstanda qeydiyyatdan keçmiş və fəaliyyət göstərən sahibkarlıq subyektlərinin prioritet layihələrinin maliyyələşməsinə dəstək verəcək.

İclasda gündəlikdə duran məsələlər, o cümlədən bazar araşdırmalarının aparılması, kredit təşkilatları ilə işgüzar əlaqələrin qurulmasına dair müzakirələr aparılıb.