AMADA-nın icraçı direktoru: WADA-nın illik simpoziumu məhsuldar müzakirələrlə yadda qaldı

AMADA-nın icraçı direktoru: WADA-nın illik simpoziumu məhsuldar müzakirələrlə yadda qaldı

Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2024-cü il üçün illik simpoziumu məhsuldar və maraqlı müzakirələrlə yadda qaldı.

Bu sözləri “Birxeber.Az”a açıqlamasında Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə deyib.

AMADA rəsmisi bildirib ki, İsveçrənin Lozanna şəhərində keçirilən mötəbər tədbirdə antidopinq siyasətinin təkmilləşdirilməsi, milli antidopinq təşkilatları və beynəlxalq federasiyalar arasındakı əməkdaşlıq, idmançı hüquqları və gələcək tədqiqatlarda süni intellektin rolu mövzusunda müzakirələr aparılıb. WADA-nın yaradılmasının 25-ci ildönümünə həsr olunmuş simpozium “Bir missiya – bir komanda” şüarı altında təşkil edilib.

"Ümumilikdə, cari ilin mart ayında antidopinq sahəsində bir çox mötəbər tədbirlər təşkil olundu. Bunlara dəvət olunmağımız AMADA-nın ölkəmizi layiqincə təmsil etməsindən və düzgün yolda olduğumuzdan xəbər verir. 2024-cü ildə - Olimpiya ilində antidopinq üzrə ilk beynəlxalq tədbirə məhz Azərbaycan ev sahibliyi edib. Belə ki, fevralın 21-də Bakıda, 23-də isə “İdman paytaxtı” Qubada təşkil olunan “Olimpiya çempionluğuna doğru: Təmiz idmanda milli və qlobal baxışlar” adlı beynəlxalq elmi-praktik konfranslar yerli və beynəlxalq idman ictimaiyyətinin diqqət mərkəzində oldu, maraqlı mövzular ətrafında müzakirələr antidopinq siyasətində yeni imkanlar açdı", - deyə AMADA rəsmisi vurğulayıb.