Politoloq: Avroparlamentin bölgədəki proseslərlə bağlı qəbul etdiyi sənədlər Azərbaycanda ciddi qarşılanmır

Politoloq: Avroparlamentin bölgədəki proseslərlə bağlı qəbul etdiyi sənədlər Azərbaycanda ciddi qarşılanmır

“Avropa Parlamentinin dünən Ermənistanla bağlı qəbul etdiyi qətnamədə Azərbaycanı bir sıra məsələlərdə günahlandırması ciddi təəssüf doğurur”.

APA xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

“Bəs Avroparlament 30 il ərzində Ermənistanı niyə işğalçı adlandırmırdı? Ermənistan ordusu sərhədyanı ərazilərdə azərbaycanlı uşaqları öldürəndə niyə İrəvanda oturan baş komandanın adını çəkmirdi? Niyə bircə dəfə də olsun UNESCO-nu Qarabağa getməyə səsləmirdi? Niyə 1 milyondan artıq qaçqın və məcburi köçkünün çadırlarda yaşayan həyatları haqqında maraqlanmırdı? Siyahını uzatmaq olar”, - deyə Zaur Məmmədov vurğulayıb.

Politoloq hesab edir ki, bütün bunlara görə, bu strukturun son 3 ildə bölgədəki proseslərlə bağlı açıqlamaları Azərbaycanda ciddi qarşılanmır: “Azərbaycan öz ərazisində öz dövlət və milli maraqlarını qoruyacaq və xaotik Qərbin tövsiyələrinə ehtiyac duymur.

Prezident İlham Əliyev baş verəcək hadisələri qabaqlayaraq inauqurasiya günü dünyadakı nizamsızlıq və ikili standartlarla bağlı bunları demişdir: "İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. Ancaq müharibə olmaya bilərdi, əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa əməl etsəydilər, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etsəydilər. Əgər böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı".

Beləcə, Avroparlament başa düşməlidir ki, onun rəyinin heç bir hüquqi əsası yoxdur və üzvü olmadığı dövlətin daxili işlərinə qarışmaq onun imicinə ucalıq gətirməyəcək. İkincisi, əgər Fransa və okeanın o tayındakı bəzi mərkəzlər fürsətdən istifadə edərək geosiyasi rəqiblərinə qarşı mübarizədə Cənubi Qafqazı "sizinkilərə və bizimkilərə" bölmək istəyirsə, Azərbaycana qarşı müntəzəm edilən qarayaxmalarla öz məqsədlərinə çata bilməyəcəklər. Ermənistanın beynəlxalq platformalarda manevr imkanlarının dairəsi rəsmi Bakının addımlarının nədən ibarət olacağı ilə hüdudlaşır. Avroparlamentin timsalında son atılan addımlar, səsləndirilən bəyanatlar isə nə Qərbin, nə də Paşinyan hakimiyyətinin məqsədlərinə çatmaları ilə nəticələnəcək. Əksinə, bu cür davranış konstitusiyasında və hüquqi - normativ aktlarında hələ də Azərbaycana qarşı ərazi iddiası olan Ermənistanın hansı ərazilər çərçivəsində mövcud olacağı məsələsini aktuallaşdırır”.