Türkiyənin dövlət rəsmiləri Bağdadda təhlükəsizlik toplantısı keçirəcək

Türkiyənin dövlət rəsmiləri Bağdadda təhlükəsizlik toplantısı keçirəcək

Türkiyənin Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Milli Kəşfiyyat Xidmətinin (MİT) rəhbərləri martın 14-də Bağdadda iraqlı həmkarları ilə təhlükəsizlik toplantısı keçirəcək.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keçəli Ankarada keçirdiyi brifinqdə bildirib.

“Martın 14-də Bağdadda təhlükəsizlik üzrə toplantı keçiriləcək. Xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Gülər və MİT başqanı İbrahim Kalın iştirak edəcəklər. Görüşdə təhlükəsizliklə bağlı məsələlər və hərbi əməkdaşlıq, terrorizmlə mübarizə probleminə ortaq baxış və bu sahələrdə konkret addımlar müzakirə olunacaq”, - diplomat deyib.

O əlavə edib ki, daha əvvəl həm Türkiyə, həm də İraq PKK-nın hər iki ölkə üçün ortaq təhlükə olduğunu vurğulayıblar. “Bu, İraq rəhbərliyinin PKK ilə mübarizə məsələsində mövqeyini dəyişməyə başladığının göstəricisidir və bu, Ankara tərəfindən məmnunluqla qeyd olunur”, - Ö.Keçeli vurğulayıb.

Diplomat, həmçinin İraqda ABŞ hərbçilərinin olduğunu da xatırladıb və Türkiyənin Şimali İraqda mümkün yeni hərbi əməliyyatının bu və ya digər şəkildə gündəmə gətirildiyini bildirib. Onun sözlərinə görə, Ankara PKK-ya qarşı əməliyyatlar keçirmək və öz milli təhlükəsizliyinə birbaşa təhdidləri aradan qaldırmaq üçün heç kimdən icazə almayacaq və bu istiqamətdə ABŞ-la dialoq aparmır.

Bundan əlavə, Bağdadda keçiriləcək toplantı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqa səfərinə hazırlıq müzakirə olunacaq. Bundan əvvəl Bağdadda səfərdə olan Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız belə səfərin aprelin sonuna kimi planlaşdırıldığını bildirmişdi. Bu, Türkiyə liderinin son 12 ildə İraqa ilk rəsmi səfəri olacaq.