Prezident ÜST-nin Baş direktorunu qəbul edib - YENİLƏNİB

Prezident ÜST-nin Baş direktorunu qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib.

Birxeber.Az xəbər verir ki, Tedros Adhanom Qebreyesus İlham Əliyevi Prezident seçkilərində qələbə və COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbrik etdi.

Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib.

Görüşdə XI Qlobal Bakı Forumunun əhəmiyyəti qeyd edildi, Tedros Adhanom Qebreyesusun bu tədbirdə iştirakının önəmi vurğulandı. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq aləmdə nüfuzunun artdığı bildirildi və bu forumda xeyli sayda qonağın iştirakı bunun yaxşı göstəricisi kimi dəyərləndirildi.

Qonaq Ümumdünya Səhiyyə Təşkilatı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıqdan məmnunluğunu bildirərək bu mərkəzin onun rəhbərlik etdiyi təşkilatın fəaliyyətinə göstərdiyi dəstəyi yüksək qiymətləndirdi və Mərkəzin İdarə Heyətinin üzvləri ilə mütəmadi olaraq görüşlər keçirdiyini qeyd etdi.

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq statuslu qeyri-hökumət təşkilatı olaraq müstəqil şəkildə fəaliyyət göstərdiyini və ölkəmizin də bu təşkilatın işinə dəstək verdiyini vurğuladı. Dövlət başçısı hər il Bakının ev sahibliyi ilə keçirilən Qlobal Forumun beynəlxalq gündəlikdə duran məsələlərinin müzakirəsi və onların həlli yollarının tapılması baxımından əhəmiyyətli platformalardan biri olduğunu qeyd etdi.

Ölkəmizdə həyata keçirilən səhiyyə islahatlarının təqdirəlayiq olduğunu deyən Tedros Adhanom Qebreyesus Azərbaycanda yaradılan icbari tibbi sığorta sisteminin müsbət proses olduğunu və onun yaxşı nəticələrinin artıq özünü göstərdiyini dedi.

Görüşdə COP çərçivəsində Azərbaycan ilə ÜST arasında əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı. İqlim dəyişmələrinin dünyada müxtəlif növ xəstəliklərin yayılmasına rəvac verdiyini və bilavasitə səhiyyə ilə bağlı olduğunu vurğulayan Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru bu sahədə də Azərbaycan ilə əməkdaşlıq məsələlərinə toxundu.

***

16:35

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib.

Birxeber.Az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.