Natiqlik üzrə mütəxəssis: “Nitqi ütüləyib “qırışları”nı açmaq lazımdır”

Natiqlik üzrə mütəxəssis: “Nitqi ütüləyib “qırışları”nı açmaq lazımdır”

Birxeber.Az Media Məktəbinin tələbələri ilə görüşə gələn natiqlik və ünsiyyət üzrə mütəxəssis Zaur Cahangirov nitqdəki problemləri araşdırmağa üstünlük verdiyini bildirib.

“Mən özümü ütüyə bənzədirəm. Yəni nitqdəki səhvləri, “qırışları” düzəltməyi sevirəm”, - o söyləyib.

“Birxeber.Az” xəbər verir ki, Z.Cahangirov görüş zamanı səsin şiddəti, gücü, tonu, gözəlliyi barədə də danışıb.

“Səsin rəngi insanda anadangəlmə olmalıdır. Amma bu səsinizi və nitqinizi dəyişə bilməyəcəyiniz anlamına gəlmir. Detallar üzrə işləmək lazımdır. Bunun bir çox üsulu var. Ən effektiv üsul hekayə, nağıl, şeir və xəbər səsləndirməkdir. Şeir səsləndirən zaman səsin sinədən, xəbər oxuyarkən isə burun dəliyindən çıxdığı müşahidə edilir. Doğru nəfəsalma texnikası və ağız aparatının düzgün işlədilməsi üçün diksiya dərslərinə qoşulmaq mütləqdir”, - mütəxəssis bildirib.

O, vurğulayıb ki, natiqlik elm deyil, sənətdir:

“Bizim işimiz elm yox, sənətdir. Əvvəllər natiqlik sənəti ön planda idi. Platon bu sənəti aldatma, Aristotel isə inandırma adlandırıb. Aristotelin ritorik üçbucağında Etos, Patos, Loqos anlayışları var. Burada etos xarakter, patos emosiya, loqos isə bilgidir. Bilgi ilə bərabər hekayə də danışmaq bizə üstünlük verir. Cibinizdə hər zaman hekayəniz olsun”.

Z.Cahangirov əlavə edib ki, gənclər arasında ən çox rast gəlinən problemlər arasında “c” və “ç”-nın səslənməsi və həyəcan faktoru yer alıb.

“Məndə də c, ç problemi var idi. Bunu 2 aya aradan qaldırdım. Əgər nitqdə çatışmazlıq loqopedik problem deyilsə, onu çalışaraq həll edə bilərsiniz. Dil tənbəlliyi özünü daha çox c, ç-da bildirir. Məşqləri isə qısa bir müddətə ötürsəniz, yenə əvvəlki halınıza geri dönəcəksiniz. Həm nitq, həm də səs üçün daimi məşq etmək çox önəmlidir. Əvvəlki dövrlə müqayisədə diksiyam və səsim çox dəyişib, çünki hər gün çalışıram”, - o vurğulayıb.

Qeyd edək ki, Zaur Cahangirov 1999-cu ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsini “Dövlət və ictimai münasibətlər” ixtisası üzrə 2021-ci ildə bakalavr səviyyəsində bitirib. “ÜTÜ” Qrup şirkətini (Ünsiyyətin Təkmilləşdirilməsi Üsulları) 2022-ci ildə təsis edib. Hazırda Anadolu Universitetində “Təhsilin idarə olunması” ixtisası üzrə magistr təhsili alır. “Qırmızı ayaqqabı”, “Düşünmək adlı dünya” kitablarının müəllifidir.