QHT sektorunda yeni çağırışlara necə cavab verməliyik? - MÖVQE

QHT sektorunda yeni çağırışlara necə cavab verməliyik? - MÖVQE

QHT-lərin dövlət tərəfindən dəstəklənməsi siyasətinə baxışı, bu vaxta qədər mövcud olmuş təcrübəni müsbətə doğru dəyişmək əsas məqsəddir

Elmi ədəbiyyatda “islahat” termini ilə (lat. reformare) cəmiyyət həyatının hər hansı bir sferasında funksional əsaslara toxunmadan dəyişiklik və ya transformasiya nəzərdə tutulur. Gerçək islahat son məqsədi dəyişmir, yolları, üsulları, qaydaları dəyişir, innovasiyalar gətirir, bürokratiyanı, müxtəlif formalı əngəl və maneələri aradan qaldırır. Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı tarixi qələbə cəmiyyət həyatının bütün sahələrində olduğu kimi QHT sektorunun milli inkişaf prioritetləri çərçivəsində güclənməsi, milli maraqların müdafiəsi, sosial-iqtisadı sahədə atılan addımların ictimai təşəbbüslərlə dəstəkləməsi ilə əlaqədar yeni vəzifələr, çağırışlar müəyyən edib.

QHT sektorunun yeni vəzifələri

QHT sektorunda həyata keçirilən islahatlar, yeniliklər, yeni yanaşmalar bu vəzifələrlə şərtlənib. Yeni vəzifələr QHT sektorunun qalib ölkənin yeni inkişaf mərhələsində atılan addımlarla ayaqlaşmasını, dövlət və cəmiyyət həyatında, milli maraqların ölkə xaricində müdafiəsində, xarici siyasət prioritetlərinin, təşəbbüslərinin dəstəklənməsində, sosial problemlərin həllində daha fəal rol oynamağı nəzərdə tutur. Xüsusən beynəlxalq miqyasda daha rəqabətqabiliyyətli olmaq, hesabatlılıq və şəffaflığın yüksək standartlarının tətbiqi mühümdür.

Bu vəzifələrə nail olmağın yeganə və doğru yolu yenilənmək, təmizlənmək, buraxılmış səhvlərin nəticələrinin aradan qaldırılması, peşəkar yanaşma və daim təkmilləşməkdir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli Fərmanında məhz dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsinin əsas məqsədlərindən biri kimi QHT-lərin fəaliyyətinin yeni dövrün çağırışlarına uyğun təşkili xüsusi vurğulanan məsələlərdən biriydi.

Hazırda həyata keçirilən fəaliyyətlər məhz bu vəzifələrə nail olmaq üçündür. Nazirlər Kabinetinin 15 sentyabr 2023-cü il tarixli qərarı ilə Agentlik tərəfindən qrant müsabiqələrinin keçirilməsi qaydasını, qrant məbləğinin müəyyən edilməsi meyarlarını və qrant məbləğinin yuxarı həddini təsdiq edilməsi isə köklü dəyişiklik yaratmağa, QHT-lərin layihələrini miqyasına və ambisiyalarına uyğun olaraq müxtəlif səviyyələrdə maliyyələşdirmək imkanı verir. Bu yeni qaydalar məhz dövlət dəstəyi mexanizminin yeni dövrün çağırışlarına uyğun təkmilləşdirilməsinə hüquqi əsas və bünövrə yaratdı. Eyni zamanda subyektiv təsirlərə hüquqi sipər çəkir.

Agentliyin qrant müsabiqələri ilə əlaqədar əsas vəzifəsi

Agentliyin 2024-cü il üzrə kiçik, orta və böyük qrant müsabiqələri məhz Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalar üzrə keçirilir. Bu qaydaların təkmil olub, obyektiv qiymətləndirməni təmin etməsi, əlçatan, ədalətli şərtlər müəyyənləşdirməsi hamılıqla qəbul olunur. Bu qaydalar yalnız normativ akt kimi deyil, eyni zamanda islahatların keçirilməsində qətiyyət və iradə kimi də nəzərdən keçirilməlidir.

Bu yeni yanaşma Agentliyin də məsuliyyətini və cavabdehliyini yüksəldib. Bu cavabdehlik və məsuliyyət, yeni dövrün vəzifələri və çağırışları məhz başlıca olaraq QHT-lərin dövlət tərəfindən dəstəklənməsi siyasətinə baxışı, bu vaxta qədər mövcud olmuş təcrübəni nəhayət ki, dəyişməyi əsas məqsəd kimi qarşıya qoyur.

2024-cü il üzrə kiçik, orta və böyük qrant müsabiqələri, nəticələri bu baxımdan ciddi bir addım olacaq. Aparılmış miqyaslı və gərgin iş, böyük zəhmət deməyə əsas verir ki, mümkün bütün suallara obyektiv cavab veriləcək və sağlam niyyətli heç kimdə mənfi təcrübənin müsbətə doğru dəyişdiyinə şübhə qalmayacaq. Stəkanı yarıya qədər boş görənlər isə həmişə olacaq...

Hansı mənfi təcrübə dəyişməlidir?

Bir sıra QHT-lər onlara verilən qrant vəsaitini müəyyən fəaliyyətlərinə görə mükafat kimi nəzərdən keçirir. İllərlə bir sıra QHT-lər məhz bu yanaşmaya görə standart məbləğlərdə qrant vəsaiti alıb. Elə saxta görüntü yaradılıb ki, bu QHT-lərin, konkret şəxslərin dəstəyi olmasa təbəddülatlar baş verə bilər, “ictimai-siyasi sabitliyə xələl gələr”.

Digər qrup QHT-lər hesab edib ki, onlar hay-küy yaratmağa, bununla da diqqət çəkməyə qadirdilər və “özlərini sakit aparmaları üçün” qrant almalıdırlar. Etiraf olunmalıdır ki, bir qrup QHT-yə davamlı olaraq layihə təkliflərinin ağına-bozuna baxmadan məhz bu səbəbə görə qrant verilib. Şantaj, hədələməyə əl atanların sonda qaliblər siyahısında yer alması digərlərini də oxşar üsullardan bəhrələnməyə həvəsləndirib. Ona görə bəzi QHT-lərin “Əli Həsənov dövrü”nün xiffətini çəkməsi başa düşüləndir. Yeni sağlam yanaşma isə açıq şəkildə göstərir ki, bu ənənəvi, köhnə üsullar daha işləmir və işləməyəcək. Bəzilərinin qeyd olunan küyçülüyünə baxmayaraq, bu sahədə dövlət siyasəti təmkinlə, plan üzrə ardıcıllıqla, heç bir boşluq buraxmadan icra olunur. Dövlətlə dövlətçilik etməyə çalışanlara yeri göstərilir.

Başqa bir qrup QHT-lər isə müxtəlif havadarları sayəsində illərlə qrant vəsaitindən eninə-uzununa bəhrələnirdilər.

Həmçinin, davamlı korrupsiya sövdələşmələrinin nəticəsində geniş bir şəbəkə formalaşıb ki, QHT-lər alınıb-satılıb, sədr dəyişdirilib, oyuncaq rəhbər qoyulub, birdən birə uzun müddət qeybə çəkilib, daha sonra isə üzə çıxıb və s. Bu şəbəkə QHT-ləri də korrupsiya sövdələşmələri ilə davamlı qrant almağa nail olublar.

Bəzi nüfuzlu QHT-lərin ətrafında kiçik qruplar bərqərar olub və onlar da böyüklərin kölgəsində daldalanıb qrant ala biliblər. Nüfuzlu QHT-lərin bəziləri isə müsabiqələrə barmaqarası yanaşıb və “onsuz da mənə verəcəklər” deyib, yola verib. Bu yolda da “uğur qazanıb”.

Bir qrup işbaz üçün isə qrant almaq biznes fəaliyyətinin bir növü kimi bərqərar olub. QHT-lər üçün layihə konveyerləri yaradılıb, kağız üzərində layihələr icra edilib, keçmiş layihələr, yeni adla verilib və “işgüzar əlaqələr” vasitəsilə qalib olublar.

Yalnız müsabiqədən-müsabiqəyə adı eşidilən, heç kimin tanımadığı QHT-lər sirli himayə ilə ildən-ilə qrant alıblar və eləcə gün işığına çıxmayıblar.

Uzun illər məhz bu cür mənfi təcrübələr bütün səviyyələrdə sektora inamı zədələyib, şəffaflıq və hesabatlılığın olmaması məhdud resursların ayrılmasına səbəb olub.

Aparılan islahatlar həm də sadalanan bütün bu naqis işlər üçün meydan buraxmamağa hesablanıb. Doğrudur, Agentliyin yeni qayda və yeni yanaşmalarla elan edəcəyi qrant nəticələrindən sonra yuxarıda sadalanan qrupun küyçülüyü gözlənilə bilər, hətta olmaması təəccüblü olardı... Amma yel qayadan nə apara bilər ki?!

Yemək dövrü qapanır, işləmək dövrü başlayır

Bu cür mənfi təcrübələrin sayını çoxaltmaq olar, lakin buna lüzum yoxdur. İşbazlar, heç bir sektorda uğur qazana bilməyib özünü burada sınamağa çalışanlar, təsadüfi adamlar, hassısa adamların adamları, reketliklə məşğul olanlar, qrant dəllal və dələduzları bu sektordan uzaqlaşdırılmalıdır. Bu sektorda əmək sərf etmiş, peşəkar, QHT fəlsəfəsinə sadiq həmkarlarımız da elə mühit yaranmasına kömək etməlidirlər ki, bu ucuz qazanc dalına gəlmiş, fotoşəkillər qəhrəmanı personalar üçün meydan daralsın, yol-iz qalmasın, uzaqlaşsınlar. Bu cür personalara qarşı həm şəxsi davranışımızla, həm də mövcud institutların, alətlərin yardımıyla qapıya gedən yolu göstərməliyik. Qətiyyətli mövqe qoyaraq geri yol olmadığına əmin etməliyik.

Yalnız iki seçim var - bu islahatların bir hissəsi olub inkişaf etmək, yaxud kənara çəkilmək.

Bəzi hallarda təmkinli davranış, humanist yanaşma fərqli yozulur. Lakin islahatlara peşəkar yanaşanlar məşhur filosof Edmund Börkün təbirincə desək, səliqəli bağban kimi davranmalıdır...

Zaur İbrahimov

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB sədri