Alimlər ulduz müşahidə olunmayan qalaktika kəşf edib

Alimlər ulduz müşahidə olunmayan qalaktika kəşf edib

Astronomlar Tutqun Qalaktikalarla bağlı tədqiqat apararkən heç bir ulduz müşahidə olunmayan qalaktika kəşf ediblər.

Şamaxı Astrofizika Rəsədxanasından Birxeber.Az-ya verilən xəbərə görə, J0613+52 qalaktikasını aşkarlayan Qrin Bank Rəsədxanasının (Green Bank Observatory) əməkdaşlarının cari tədqiqat işinin əsas məqsədi Tutqun Qalaktikalardakı qaz və dinamik kütləni araşdırmaqdır. Bu tip qalaktikalar ulduzəmələgəlmə prosesi, ulduz və qalaktikaların təkamülünü izləmək üçün ideal obyektlərdir.
Adətən normal qalaktikaların mərkəzində bir və ya bir neçə super kütləli qara dəlik yerləşir və milyardlarla ulduzdan ibarət olur.

Kiçik cırtdan qalaktikalar olan Tutqun Qalaktikalar yüksək səviyyədə diffuz qaz və qara maddənin artıqlığı səbəbindən zəif işıq saçır və digər qalaktikalarla müqayisədə ulduzları azdır. Bizdən 270 milyon işıq ili məsafədə yerləşən J0613+52 qalaktikası isə demək olar ki, adi gözlə görünmür və ulduzlararası maddəni xatırladır. Tədqiqat qrupunun üzvləri düşünürlər ki, qalaktika digər kosmik obyektlərdən uzaqda yerləşdiyi üçün heç bir cazibə qüvvəsinin təsirinə məruz qalmayıb və ulduz əmələgəlmə prosesi baş verməyib. Digər normal cavan qalaktikalardan fərqli olaraq J0613+52 ancaq qaz kütləsindən ibarətdir və ulduzlar müşahidə olunmur. Adətən belə kiçik qalaktikalar bir neçə milyon zəif ulduza ev sahibliyi etsə də, müşahidələrdə heç bir ulduz qeyd olunmayıb.

Qeyd edək ki, qalaktikanın müşahidəsi istiqamətində elmi tədqiqat işləri davam etdirilir. Sonrakı tədqiqatlar qalaktikada heç bir ulduzun olmadığını təsdiqləsə, J0613+52 ilkin qazdan ibarət ilk kəşf olunan qalaktika ola bilər.