Pakistanlı ekspert: “Dünya Ermənistanın Qarabağı işğalının nəticələrini görməlidir”

Pakistanlı ekspert: “Dünya Ermənistanın Qarabağı işğalının nəticələrini görməlidir”

Dünya ötən 30 il ərzində Ermənistanın Qarabağı qanunsuz işğal etməsi nəticəsində nə baş verdiyini görməlidir.

Bunu Birxeber.Az-ya açıqlamasında Şuşa şəhərini ziyarət etmiş pakistanlı strateji kommunikasiya eksperti Qaiser Nauab deyib.

O, Şuşanın yalnız Azərbaycan üçün deyil, bütün İslam aləmi üçün vacib tarixi əhəmiyyət daşıdığını vurğulayıb.

“İslam dünyasının mədəniyyət paytaxtı olan Şuşada olmaqdan çox şadam. Bu gün biz müharibə dövründə Ermənistan qüvvələri tərəfindən törədilmiş vandalizmin şahidi olduq, bunları görmək çox kədərlidir. Onlar sadəcə evləri deyil, bütün ekosistemi, ətraf-mühiti məhv ediblər, çirkləndiriblər və bioçeşidlilik üçün problemlər yaradıblar. Bu gün bizi Şuşada çox gözəl qar qarşıladı. Burada olmaqdan çox şadıq. Bu şəhər yalnız Azərbaycan tarixinin deyil, bütün İslam dünyası tarixinin vacib bir hissəsidir. Azərbaycan hökuməti artıq burada bir çox vacib işlər görüb, - çox yaxşı yollar çəkilib, evlər tikilib. Ümidvaram ki, bura gələcəkdə çox gözəl turistik məkan olacaq. Dünya ötən 30 il ərzində Ermənistanın bu regionu qanunsuz işğalı nəticəsində nə baş verdiyini görməlidir”, - Qaiser Nauab deyib.

O, Pakistanın beynəlxalq ədalətin bərqərar edilməsində Azərbaycanı dəstəklədiyinə görə qürur duyduğunu vurğulayıb.

“Biz Pakistanın azərbaycanlı bacı və qardaşlarımızın beynəlxalq hüquqa uyğun şəkildə ədaləti bərpa etməsinə dəstək göstərməsindən qürur duyuruq”, - Nauab vurğulayıb.

Emin Babayev, Səid Babazadə