İƏT rəsmisi: Azərbaycan İslamofobiya ilə mübarizədə BMT-nin qətnaməsi ilə bağlı nümunəvi addımlar atır

İƏT rəsmisi:  Azərbaycan İslamofobiya ilə mübarizədə BMT-nin qətnaməsi ilə bağlı nümunəvi addımlar atır

"Bu konfransın keçirilməsi Azərbaycanın İslamofobiya ilə mübarizədə güclü öhdəliyinin göstəricisidir."

Birxeber.Az xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yusif Əl-Dubey Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransın açılışında çıxışı zamanı deyib.

İƏT-in baş katibinin köməkçisi Azərbaycana bu konfransa görə təşəkkür edib. O deyib ki, Azərbaycan İslamofobiya ilə mübarizədə BMT-nin əlaqədar qətnaməsi ilə bağlı nümunəvi addımlar atır: "Bu konfrans təqdirəlayiq təşəbbüsdür və Azərbaycanın İslamofobiya ilə mübarizədə güclü öhdəliyini əks etdirir. Bu konfransa dəvət üçün İƏT adından təşəkkür edirəm".

Əl-Dubey bildirib ki, dünyanın müxtəlif ölkələrində İslamofobiyanın səviyyəsi həyəcanverici dərəcədə artıb.

"Din təhqir olunur, müqəddəs kitablar yandırılır, ibadət ocaqları təhqir olunur, ibadət edən şəxslərə, onların inanclarına görə hücum olunur. Bütün bunların qarşısını almaq üçün addımlar atmaq lazımdır", o deyib.

İƏT rəsmisi bildirib ki, onun təmsil etdiyi təşkilat İslamofobiya ilə mübarizə üçün müxtəlif səylər göstərir.

"İƏT regional və beynəlxlaq təşkilatları, qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyətlərini İslamofobiya ilə mübarizədə tədbirlər görməyə, gücləri birləşdirməyə çağırır, biz birgə harmoniyanın, tolerantlığın olduğu dünya yaratmalıyıq. İslamın pis əməllərlə əlaqəsi yoxdur", o deyib