Coğrafiya İnstitutu şagirdlər üçün dərslik çapına müsbət rəy verməyib

Coğrafiya İnstitutu şagirdlər üçün dərslik çapına müsbət rəy verməyib

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu şagirdlər üçün dərslik çapına müsbət rəy verməyib.

"Birxeber.Az" xəbər verir ki, bu barədə qərar institutun Elmi Şurasının iclasında qəbul olunub.

Coğrafiya İnstitutunun direktor müavini Zaur İmrani təqdim edilən Coğrafiya 6 (1-ci hissə) və Coğrafiya 7 (1-ci hissə) kitablarının çapı, həmçinin Coğrafiya fənn kurikulumuna rəy verilməsi haqqında fikir bildirərək qeyd edib ki, orta ümumtəhsil müəssisələrinin şagirdləri üçün yazılan dərsliklərin məzmunu və onlarda şağırdlərə verilə biləcək bilik və bacarıqlar olduqca aşağı səviyyədədir.

İnstitutun baş direktoru Zakir Eminov bildirib ki, dünyada yeni dərsliklərin və tədris vəsaitlərinin yazılması müasir metodlara, standartlara və qaydalara əsaslanır: "Azərbaycan da bir qayda olaraq dünya elminə inteqrasiya etməyə çalışır və bəzi sahələrdə buna nail olur. Dərsliklərin yazılması dünya praktikasına əsaslanmalı, elmi cəmiyyətlərin qəbul etdiyi və artıq sübut olunmuş fundamental prizmadan baxılmalıdır. Müəlliflərin bilik və bacarıq səviyyəsi, eləcə də təfəkkürləri onlara dərsliyin yazılmasına icazə verməlidir".

Bu baxımdan kitablara müsbət rəy verilməməsi, bu barədə Dövlət İmtahan Mərkəzinə (DİM), həmçinin Elm və Təhsil Nazirliyinə məktub göndərilməsi qərara alınıb.